“Nizami irsinə türk düşüncə tərzi, türk ruhu hakimdir”- elmi seminar
AzerTAg.az

Bakı, 16 mart, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasında “Nizami irsinə türk düşüncə tərzi, türk ruhu hakimdir” mövzusunda elmi seminar olub.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Tədbirdə dosent Lalə Əliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimində Nizami Gəncəvinin milli mənsubiyyəti ilə bağlı fikirlərinin əhəmiyyətini diqqətə çatdırıb.
O, Nizami Gəncəvinin məhz Azərbaycan türklərinin dünya mədəniyyətinə bəxş etdiyi dahi şəxsiyyət olduğunu deyib. Yazılı ədəbi dil faktının heç bir zaman sənətkarın milli mənsubiyyətini inkar etməyə səbəb olmadığını xüsusi vurğulayan L.Əliyeva qeyd edib ki, Nizami Gəncəvinin dövrünün tələbinə uyğun olaraq dövlət və poeziya dili hesab edilən farsca yazması onun Azərbaycan şairi olmasını inkar etməyə əsas vermir. Nizami öz əsərlərini milli kolorit, Vətəni ilə bağlı olan coğrafi, tarixi, siyasi gerçəklik, etnik xüsusiyyətləri ilə yoğurub. Onun ədəbi irsinə türk düşüncə tərzi, türk ruhu hakimdir.
L.Əliyeva Nizaminin əsərlərindən, poemalarında yaratdıqları ədəbi qəhrəmanlarından, zəngin yaradıcılığının bədii xüsusiyyətlərindən danışıb.
Sonra dosent İradə Rəhmanova, Ramil Bayramov, Pərvin Eyvazov və başqaları çıxış edərək mövzu ilə bağlı fikirlərini bildiriblər.
Xəbərin mətnində orfoqrafik səhv var