İQTİSADİYYAT
“Nizami” metro stansiyasında ilk dəfə irihəcmli əsaslı təmir işləri aparılır
Bakı, 15 dekabr, Elvin Camalov, AZƏRTAC
“Nizami” metro stansiyasında ilk dəfə irihəcmli əsaslı təmir işləri aparılır.
AZƏRTAC xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.
O bildirib ki, məqsəd mozaik pannoların keyfiyyətli mühafizəsini təmin etmək, korroziyaya məruz qalan dəmir-beton konstruksiyaların dəyişdirilməsidir. Təsdiqlənmiş tədbirlər planına uyğun olaraq, stansiyanın hər iki qatar yolunun divarları tam təmir olunaraq istifadəyə verilib. Hazırda platforma səviyyəsində və platformaaltı hissədə təmir işləri aparılır.
N.Paşayevin sözlərinə görə “Nizami” metro stansiyasında ilk dəfədir ki, bu miqyasda əsaslı təmir işləri aparılır. Stansiya mürəkkəb hidrogeoloji şəraitdə tikilib. 1976-cı ildə istifadəyə verilmiş dərinözüllü stansiya həmçinin aqressiv sularla əhatə olunub. Elə bu səbəbdəndir ki, axıntılar nəticəsində dəmir-beton konstruksiyalar korroziyaya məruz qalır.
“Korroziyaya məruz qalan ərazi, sadəcə, tunel deyil. Platforma divarlarında və platformaaltı sahələrdəki konstruksiyalarda da bu hal müşahidə edilir. Uzun müddətdir istifadədə olan platforma divarlarının mərmər örtüyü və stansiyanı bəzəyən Nizami Gəncəvinin əsərlərinin qəhrəmanlarının əks olunduğu mozaik pannolarda da qopma təhlükəsi yaranıb. Bu, həm də sərnişinlər üçün təhlükə yaradırdı.
Stansiyada aparılan təmir işlərinin əsas məqsədi məhz həmin mozaik pannoların elementlərində əmələ gələn qopmaların və platforma divarlarındakı mərmər üzlüklərin düşmə təhlükəsinin qarşısını almaq, korroziyaya məruz qalan konstruksiyaların dəyişdirilməsindən ibarətdir”, - deyə N.Paşayev vurğulayıb.
O qeyd edib ki, mozaik pannoları divarlara birləşdirən dəmir konstruksiyalar tam korroziyaya uğradığı üçün onların dəyişdirilməsi və möhkəmləndirilməsi prosesi davam edir. Təbii ki, dünyanın ən gözəl, memarlıq baxımından göz oxşayan stansiyaları arasına düşən “Nizami” metro stansiyasındakı mozaik pannoların əvvəlki görkəminə qaytarılması, bərpası əsas məqsədlərdəndir.
Həmçinin bildirilib ki, bu pannolar, ilk olaraq, bütöv halda divardan ayrılır, daha sonra arxasındakı dəmir konstruksiyalar dəyişdirilir, xüsusilə pannonun arxa hissəsində korroziyaya və nəmişliyə qarşı qoruyucu maddələrdən istifadə olunur. Mozaik panno yerinə bərkidildikdən sonra onun üzərində bərpa və möhkəmləndirmə işləri aparılır.
N.Paşayev görülən əsaslı təmir işlərinin sərnişinlərin gediş-gəlişinə təsir etməyəcəyini söyləyib.
Məlumat üçün bildirək ki, stansiyadakı pannoların müəllifi SSRİ Xalq Rəssamı, professor Mikayıl Abdullayevdir. Hazırda pannoların bərpası ilə məhz peşəkar rəssamlar - Mikayıl Abdullayevin tələbəsi olmuş Zöhrab Cabbarov, keramika üzrə mütəxəssis Elçin Cabbarov və mərmər üzrə mütəxəssis Nizami Vəliyev məşğul olurlar.
Bundan başqa, stansiyada havalandırmanı yaxşılaşdırmaq məqsədilə platformaaltı xidməti otaqların divarları sökülür. Stansiyanın baş tərəfində işçilər üçün daha yaxşı şəraiti olan xidməti otaqlar tikilir. Korroziyaya məruz qalmış bütün konstruksiyalar dəyişdiriləcək. Stansiyanın tavan hissəsi də sökülərək yenidən qurulacaq, divarlardakı mərmər örtük yenilənəcək.
Qeyd edək ki, işlər metropolitenin daxili imkanları hesabına QSC-yə daxil olan strukturlar tərəfindən aparılır.