CƏMİYYƏT
Nizami rayon Məşğulluq Mərkəzi 924 nəfəri işlə təmin edib
Bakı, 21 noyabr, AZƏRTAC
Yeni Azərbaycan Partiyası Nizami rayon şöbəsinin qərargahında işəgötürənlərin nümayəndələrinin iştirakı ilə keçirilən “dəyirmi masa” müasir mərhələdə dövlət məşğulluq siyasətinin gücləndirilməsi, bu sahədə mövcud olan problemlərin həlli və əhalinin səmərəli məşğulluğun təmin edilməsi mövzusuna həsr edilib.
AZƏRTAC xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Nizami rayon Məşğulluq Mərkəzinin təşkil etdiyi tədbirdə mərkəzin direktoru İlqar Şıxəliyev rayonda işsiz və işaxtaran şəxslərin məşğulluğunun təmin edilməsi istiqamətində işəgötürənlərlə birgə məqsədyönlü işlərin aparıldığını söyləyib. Onun verdiyi məlumata görə, bu ilin yanvar-oktyabr aylarında rayon Məşğulluq Mərkəzi 924 nəfəri mühasib işlə təmin edib. Onlardan 56 nəfər sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar olub. Həmçinin mərkəz 84 nəfəri əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq və əlavə təhsil kurslarına cəlb edib. İşəgötürənlərin tələblərinə uyğun düzgün peşə və ixtisas seçimi etmələrinin dəstəkləməsi üçün mərkəz tərəfindən təşkil olunan peşəyönümü tədbirlərinə 581 nəfərə yaxın gənc cəlb olunub və onlara peşəyönümü məsləhətləri verilib.
Əhalinin səmərəli məşğulluğu təmin edilməsi sahəsində tədbirlərin gücləndirilməsi üçün işəgötürənlərlə birgə qarşıda duran vəzifələr ətraflı müzakirə edilib.