CƏMİYYƏT
Nizami rayon ictimaiyyəti Dövlət Bayrağı Gününü sağlamlıq imkanları məhdud uşaqlarla birgə qeyd edib
Bakı, 7 noyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində 9 noyabr - Dövlət Bayrağı Günü qeyd olunub. Tədbir Bakının Nizami Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının (YAP) Nizami rayon təşkilatı tərəfindən keçirilib.
İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə YAP Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov, rayon təşkilatının Qadınlar Şurasının sədri Sevda Abdullayeva və digər çıxış edənlər ölkəmizdə fiziki və əqli qüsuru olan uşaqlara və böyüklərə dövlət tərəfindən daim diqqət və qayğı göstərildiyini söyləyiblər.
Çıxışlarda dövlət uşaq siyasətinin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğu vurğulanıb. Bildirilib ki, Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev həmişə uşaqlara daim diqqət və qayğı ilə yanaşıb. Dövlət başçısı tərəfindən 2009-cu ilin “Uşaq ili” elan edilməsi bu istiqamətdə atılan addımların yüksək göstəricisidir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın bu istiqamətdə fəaliyyəti xüsusi vurğulanıb.
Tədbir ədəbi-bədii hissə ilə davam etdirilib.
Sonda internat evinin sakinlərinə hədiyyələr verilib.