CƏMİYYƏT
Nizami rayon məktəbliləri tur-aksiya çərçivəsində cənub bölgəsinə yola salınıb
Bakı, 17 noyabr, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığı ilə respublikamızın şəhər və rayonlarının ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” adı altında keçirilən növbəti VI maarifləndirici tur-aksiyası çərçivəsində noyabrın 17-də Nizami rayon məktəblərindən seçilmiş 40 fəal və əlaçı şagird Lənkəran-Masallı-Astara istiqamətində yola salınıb.
Yolasalma mərasimindən əvvəl rayon rəhbərliyi, təhsil işçiləri, valideynlər və tur-aksiya iştirakçıları rayon icra hakimiyyətinin inzibati binasında ümummilli lider Heydər Əliyevin büstü önünə güllər qoyublar.
Mərasimdə çıxış edən Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova tur-aksiyanın əhəmiyyətindən danışıb, bu layihənin məktəblilərin dünyagörüşünün daha da zənginləşməsinə, gənclərin vətənpərvərlik və azərbaycançılıq prinsipləri əsasında, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasına böyük töhfə verdiyini, şagirdlərdə həm də xalqımızın malik olduğu çoxəsrlik tolerantlıq, multikultural dəyərlər barədə hərtərəfli təsəvvür formalaşdığını diqqətə çatdırıb.
Bildirilib ki, noyabrın 17-20-də keçiriləcək tur-aksiyada əvvəlcədən tərtib olunmuş proqram əsasında şagirdlər Lənkəran-Masallı-Astara bölgəsində qədim tarixi, mədəniyyət abidələri, Heydər Əliyev mərkəzləri, Tarix-Diyarşünaslıq muzeyləri, Gənclər mərkəzləri, Bayraq meydanları, Rəsm qalereyaları və s. obyektlərlə tanış olacaqlar.
Yolasalma mərasimində çıxış edən 210 nömrəli tam orta məktəbin direktoru Yaşar Mirzəliyev, şagird Vüqanə Nurəliyeva və valideyn Lalə Babayeva gənc nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsi, onların tərbiyəli, savadlı və vətənpərvər böyüməsi istiqamətində görülən işlərə, həmçinin şagirdlərin dünyagörüşünün artmasında mühüm əhəmiyyət kəsb edən maarifləndirici tur-aksiyaların təşkilinə görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.
Milli Məclisin deputatı Sədaqət Vəliyeva xalqımızın gələcəyi olan uşaqlara göstərilən dövlət qayğısından, gənc nəslin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən söz açaraq, təşkil edilən bu aksiyanın məktəblilərin tariximizi, mədəniyyətimizi öyrənmələri üçün gözəl fürsət olduğunu və ölkəmizdə dövlətinə, xalqına, milli-mənəvi dəyərlərinə bağlı savadlı, vətənpərvər bir nəslin yetişdiyini qeyd edib.
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov bu maarifləndirici tur-aksiyalar çərçivəsində məktəblilərin ölkəmizin tarixini dərindən öyrənməklə yanaşı, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə milli dövlət quruculuğu sahəsində əldə edilmiş uğurlarla, eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hər bir şəhər və rayonun nümunəsində tanış olmaq imkanı əldə edəcəklərini diqqətə çatdırıb.
A.Qasımov tur-aksiya çərçivəsində keçirilən bütün tədbirlərdə şagirdlərin fəallıqla seçiləcəklərinə ümid etdiyini bildirib, ən əsası doğma Azərbaycanımızın yeni bir dilbər guşəsi ilə yaxından tanış olacaqlarını vurğulayıb.
Mərasim Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin təqdim etdiyi konsert proqramı ilə davam edib.
Sonra şagirdlər onlar üçün ayrılmış avtobusla Lənkəran-Masallı-Astara istiqamətinə yola salınıblar.