İQTİSADİYYAT
Nizami rayonu ərazisindəki R.Rüstəmov küçəsinin təmirinə başlanılıb VİDEO
Bakı, 5 may, AZƏRTAC
Nizami rayonu ərazisindəki Rüstəm Rüstəmov küçəsində “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təmir işlərinə başlanılıb.
“Azəravtoyol”un mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hazırda uzunluğu 3,7 kilometr, eni isə 27,5 metr olan küçədə təmir-tikinti işləri aparılır. Küçə 4 hərəkət zolağından ibarətdir.
Təmir-tikinti işləri çərçivəsində küçə boyu köhnə səki daşlarının sökülməsi işləri görülür. Söküntü işləri yekunlaşandan sonra, küçəyə 8 min poqonmetr yeni səki daşının düzülməsi və köhnə asfalt-beton örtüyünün üst qatının qaşınaraq yenisi ilə əvəzlənməsi işləri həyata keçiriləcək. Ümumilikdə isə küçənin 100 min kvadratmetrdən çox ərazisinin asfaltlanması nəzərdə tutulub.
Bundan başqa, yoldan səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulmuş mövcud yağış-kanalizasiya sistemi tam işlək vəziyyətə salınacaq, yağış barmaqlıqları yenilənəcək. Vətəndaşların rahat və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə mövcud piyada səkiləri bərpa olunaraq asfaltlanacaq.