Nizami rayonunda “Heydər Əliyev İli” çərçivəsində rəsm sərgisi təşkil edilib
AzerTAg.az
Bakı, 29 mart, AZƏRTAC
Nizami rayonunda “Heydər Əliyev İli” çərçivəsində rəsm sərgisi keçirilib.
AZƏRTAC xəbər verir ki, Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 1 saylı Uşaq Evində keçirilən “Azərbaycan - yurdum mənim!” adlı rəsm sərgisinin iştirakçıları Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Sərgidə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, 1 saylı Uşaq Evinin direktoru Nərminə Zöhrabova və başqaları xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illiyi münasibətilə təşkil olunan sərginin əhəmiyyətini vurğulayıblar. Bildiriblər ki, Azərbaycanda uşaqların sağlam, firavan böyüməsi, onların hüquqlarının yüksək səviyyədə qorunmasına xidmət edən dövlət siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Hər zaman sonsuz sevgi, minnətdarlıq və qürurla xatırladığımız müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyev daim uşaqlara böyük qayğı və diqqət göstərib, onların ən böyük himayədarı olub. Ümummilli Liderin ölkəmizə rəhbərlik etdiyi dövrdə bütün sahələrdə olduğu kimi uşaq hüquqlarının qorunması, uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı genişmiqyaslı işlər görülüb, müvafiq qanunvericilik aktları qəbul edilib.
Qeyd edilib ki, uşaqlarla bağlı dövlət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Bu sahədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, bütün uşaqların sevimlisi Mehriban Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun, həmçinin Fondun vitse-prezidenti Leyla Əliyevanın həyata keçirdiyi layihələr dövlət uşaq siyasətinin rellaşdırılmasında müstəsna rol oynayır.
Çıxışlarda, həmçinin vurğulanıb ki, uşaqların vətənpərvərlik tərbiyəsinin yüksəldilməsində onların asudə vaxtlarının səmərəli təşkilində və yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılmasında bu cür sərgilərin böyük əhəmiyyəti var.
Sonra sərgiyə baxış olub.
Sərgidə vətənpərvərlik mövzusunda, eyni zamanda, müxtəlif janrlarda çəkilmiş rəsm əsərləri və əl işləri nümayiş edilib. Həmçinin sərgidə 1 saylı Uşaq Evinin kollektivinin hazırladığı musiqili kompozisiya təqdim olunub.








Xəbərin mətnində orfoqrafik səhv var