HEYDƏR ƏLİYEV - 100
Nizami rayonunda “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans təşkil edilib
Bakı, 31 mart, AZƏRTAC
Nizami Rayon İcra Hakimiyyəti Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı ilə birgə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda geniş ictimaiyyət nümayəndələrinin iştirakı ilə konfrans keçirib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Sonra 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş sərgi ilə tanış olublar.
Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan konfransda Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin və soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” adlı videoçarx nümayiş olunub.
Konfransda Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, tarix elmləri doktoru, professor Anar İsgəndərov, Milli Məclisin deputatı Könül Nurullayeva, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, Vətən müharibəsinin qazisi, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş Teymur Kərimli, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və digərləri çıxış edərək bildiriblər ki, harada yaşamasından və hansı ölkə vətəndaşı olmasından asılı olmayaraq bütün dünya azərbaycanlılarının milli-mənəvi dəyərlərini ifadə edən azərbaycançılıq məfkurəsinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və azərbaycançılıq ideologiyası Azərbaycanın hüquqi və demokratik dövlət kimi möhkəmləndirilməsi və inkişaf etdirilməsində əvəzedilməz bir ideologiyaya çevrilib. Ulu Öndər Heydər Əliyev azərbaycançılığı dövlətçiliyə tətbiq edib, bu məfkurəyə əsaslanan milli dövlət yaradıb, xalqda dövlətçilik hisslərini formalaşdırıb. Azərbaycan tarixinin, dilinin, ədəbiyyatının, mədəniyyətinin hərtərəfli şəkildə və dərindən öyrənilməsi, təbliği, gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsi, milli şüurun dirçəlişi, ümumən, bütün sahələrdə azərbaycançılıq amalının möhkəm, etibarlı bazasının formalaşdırılması yönündə həyata keçirilən qətiyyətli tədbirlər dahi rəhbərin parlaq dühası, ardıcıl səyləri sayəsində reallaşıb.
Qeyd olunub ki, xalqımıza qarşı baş vermiş faciələrin, deportasiya və soyqırımı hadisələrinin öyrənilməsi, tədqiq olunması, həmin hadisələrə hüquqi-siyasi qiymətin verilməsi Heydər Əliyevin təşəbbüsləri və qətiyyəti sayəsində mümkün olub. Bu sahədə 1918-ci il mart hadisələrinə siyasi qiymətin verilməsi xüsusi önəm daşıyır. Məhz Ulu Öndərin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı ilə soyqırımı hadisələrinə hüquqi-siyasi qiymət verilib və 31 Mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib.
Çıxış edənlər xüsusilə vurğulayıblar ki, bu gün tarixin ən qüdrətli dövrünü yaşayan müstəqil Azərbaycanda azərbaycançılıq məfkurəsinin təbliğində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın rolu əvəzsizdir. Cəmiyyətin inkişafının ideya təməlini təşkil edən milli ideologiyamız - Azərbaycançılıq konsepsiyası ölkəmizdə hüquqi və sosial dövlət quruculuğunun inkişafına xidmət göstərir. Bu xidmətdə biz də vətəndaş borcumuzu ləyaqətlə yerinə yetirməliyik.