CƏMİYYƏT
Nizami rayonunda “Sağlam həyat naminə narkotikə yox” adlı növbəti maarifləndirici aksiya keçirilib
Bakı, 5 oktyabr, AZƏRTAC
Oktyabrın 5-də Nizami Rayon İcra Hakimiyyəti rayon Polis İdarəsi ilə birgə rayonun müxtəlif ünvanlarında “Sağlam həyat naminə narkotikə yox” adlı növbəti maarifləndirici aksiya keçirib. Aksiyaya rayon könüllüləri də qoşulub.
AZƏRTAC xəbər verir ki, aksiya çərçivəsində rayon ərazisində müxtəlif ünvanlarda, həyətlərdə, parklarda və dayanacaqlarda əhali ilə, xüsusilə də yeniyetmə-gənclərlə görüşlər keçirilib, narkomaniya barədə maarifləndirici söhbətlər aparılıb, rayon könüllüləri tərəfindən narkomaniyadan və onun ağır fəsadlarından bəhs edən bukletlər paylanılıb.
Görüşlərdə narkomaniyanın fəsadlarından, narkotik vasitələrin və psixotrop maddələrin insan sağlamlığına vurduğu ziyanlardan danışılıb, eyni zamanda, cinayətkarlığın artmasına da səbəb olduğu qeyd olunub. Rayon sakinlərinə, əsasən də yeniyetmə-gənclərə sağlam həyat tərzini seçmək, zərərli vərdişlərdən uzaq olmaq və asudə vaxtlarını səmərəli keçirmək, idmanla məşğul olmaq tövsiyə edilib.
Aksiya vətəndaşlar tərəfindən böyük razılıqla qarşılanıb və belə tədbirlərin böyük mənəvi-tərbiyəvi əhəmiyyət daşıdığı və onun mütəmadi olaraq keçirilməsinin zəruriliyi bildirilib.