CƏMİYYƏT
Nizami rayonunda Vətən müharibəsi şəhidinin adını daşıyan “Qızıl əsgər” bulaq kompleksi istifadəyə verilib
Bakı, 3 may, AZƏRTAC
Bakının Nizami rayonunda Vətən müharibəsi şəhidi Zəbiyulla Məmmədovun adını daşıyan “Qızıl əsgər” bulaq kompleksinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı Könül Nurullayeva, Vətən müharibəsində qəhrəmanlıqla həlak olan Zəbiyulla Məmmədovun valideynləri, Nizami rayon ictimaiyyətinin nümayəndələri və rayon sakinləri iştirak ediblər.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində düşməni torpaqlarımızdan qovaraq böyük Qələbə qazandığını bildirən K.Nurullayeva deyib: “Biz 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarımızı igid və mərd oğullarımızın canı, qanı bahasına azad etdik. Vətən müharibəsi düşmənə Azərbaycan dövlətinin, xalqının və Ordusunun gücünü göstərdi”.
Vurğulanıb ki, Vətən uğrunda canından keçən şəhidlərimizin ailələrinə, qazilərimizə, həmçinin torpaqlarımızın düşmən işğalından azad olunmasında qəhrəmanlıq göstərən bütün döyüşçülərə dövlət tərəfindən yüksək səviyyədə diqqət və qayğı göstərilir, onların problemləri vaxtında həll olunur.
Qeyd edilib ki, şəhidlərin xatirəsi xalqımızın qəlbində daim yaşayacaq. Vətən müharibəsi şəhidi Zəbiyulla Məmmədovun adını daşıyan “Qızıl əsgər” bulaq kompleksinin istifadəyə verilməsi onun xatirəsinə ehtiramın nümayişidir.