CƏMİYYƏT
Nizami rayonunda Vətən müharibəsi şəhidinin anım günü qeyd olunub
Bakı, 6 dekabr, AZƏRTAC
Bakının Nizami rayonunda Vətən müharibəsi şəhidi Qumaşov Anar Saleh oğlunun anım günü qeyd olunub, onun məzarı ziyarət edilib.
AZƏRTAC xəbər verir ki, anım mərasimində şəhidin ailə üzvləri, döyüş yoldaşları, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Nizami Rayon İcra Hakimiyyətinin, Nizami və Keşlə bələdiyyələrinin, rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məsul əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edənlər şəhidlərimizə Allahdan rəhmət diləyib, bütün hərbçilərimizə, qazilərimizə möhkəm cansağlığı, şəfa arzulayıblar. Şəhid Anar Qumaşov kimi qəhrəman övlad böyütdüklərinə görə onun valideyninə, əzizlərinə təşəkkür ifadə olunub. Diqqətə çatdırılıb ki, Anar Qumaşov Vətən müharibəsi zamanı Füzuli və Xocavənd rayonlarının azad olunması uğurunda gedən döyüşlərdə iştirak edib. O, ölümündən sonra Prezident İlham Əliyevin sərəncamlarına əsasən "Vətən uğrunda", “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Tədbirdən sonra şəhid Anar Qumaşovun ruhuna dualar oxunub, məzarı önünə əklil, üzərinə gül-çiçək dəstələri düzülüb.