CƏMİYYƏT


Nizami rayonunda Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olunub

Bakı, 28 oktyabr, AZƏRTAC

Bakının Nizami rayonunda 44 günlük Vətən müharibəsində canından keçən şəhidlərin ailələri ziyarət olunub.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin Nizami rayonundan olan deputatı Könül Nurullayeva İkinci Qarabağ müharibəsində qəhrəmanlıqla döyüşən Elvin Abasov, Rafael İbrahimov, Nemət Abbasov, Namiq Cavadov və Elsevər Əhədzadənin ailələrində olub, ailə üzvlərinin problemləri ilə maraqlanıb.

Deputat görüşlərdə bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və siyasi iradəsi, qəhrəman hərbçilərimizin şücaəti, şəhidlərimizin qanı bahasına doğma torpaqlarımızın 30 ilə yaxın düşmən əsarətindən azad olmasından bir il ötür. Xalqımız Vətən üçün canından keçən şəhidlərimizin xatirəsini hər zaman əziz tutur və dövlətimiz şəhid ailələrin xüsusi diqqət və qayğı göstərir. Bu məsələ Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən daim nəzarətdə saxlanılır.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elvin Abasov ötən ilin sentyabr ayında başlanan Vətən müharibəsi zamanı Xocavənd rayonunun və Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə xüsusi igidlik göstərərək şəhidlik zirvəsinə ucalıb. Elvin Abasov döyüş tapşırıqlarının icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlara əsasən ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medallarına layiq görülüb.

Rafael İbrahimov isə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə canından, qanından keçərək şəhadətə yüksəlib. O, torpaqlarımızın işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərdiyinə görə "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Mərdliyi və cəsarəti ilə seçilən Nemət Abbasov Vətən müharibəsinin ilk günlərindən ön cəbhəyə könüllü olaraq gedən əsgərlərimizdəndir. Füzuli rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə şəhadətə ucalan N.Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Torpaqlarımızın azadlığı uğrunda döyüşlərə könüllü qatılan Namiq Cavadov Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. O, ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "İgidliyə görə" medalları ilə təltif edilib.

Elsevər Əhədzadə isə İkinci Qarabağ müharibəsi zamanı Füzuli və Cəbrayıl rayonları istiqamətində gedən döyüşlərdə vətən uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə yüksəlib. İgidimiz ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medallarına layiq görülüb.

Şəhidlərimizin ailə üzvlərinin problemləri ilə yaxından maraqlanan K.Nurullayeva qeyd edib ki, Vətən üçün canlarından keçən igidlərimizin ailələrinə qayğı göstərilməsi hər bir vətəndaşın borcudur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.