İQTİSADİYYAT


Nizami rayonunda avtomobil yollarında təmir işləri davam edir

Bakı, 6 oktyabr, AZƏRTAC

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Nizami rayonunda Qara Qarayev prospektinə paralel 2-ci dərəcəli küçənin Bəhruz Nuriyev küçəsindən Babək küçəsinədək olan hissəsi əsaslı təmir edilir.

Təmir olunan bu hissənin uzunluğu 500 metr, eni ortalama 16 metr təşkil edir.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, təmir işləri çərçivəsində deformasiyaya uğramış asfalt-beton örtüyü frezlənib, zəruri yerlərdə vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə piyada səkilərinin bərpa olunması, köhnə səki daşlarının yenilənməsi işləri görülüb. Küçəboyu mövcud piyada səkiləri 1200 kvadratmetr sahədə bərpa olunub, 480 poqonometr yeni səki daşları düzülüb. Hazırda əraziyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri son mərhələdə olmaqla aparılır.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq, zəruri yerlərdə yol nişanları quraşdırılacaq və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunmaqla küçə müasir görkəmdə istifadəyə veriləcək.

Qeyd olunub ki, cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, rayon üzrə təmirə ehtiyacı olan və ümumi uzunluğu 6,25 kilometr təşkil edən 9 küçə təmir edilir.

Xatırladaq ki, agentlik tərəfindən 2021-ci ildə Nizami rayonu ərazisində ümumi uzunluğu 5,5 kilometr təşkil edən 7 küçə təmir edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.