İQTİSADİYYAT
Nizami rayonunda əsaslı təmir və yenidənqurma işləri davam edir
Bakı, 21 fevral (AZƏRTAC). “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq ötən il Nizami rayonundakı təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin əsaslı təmiri, yenidən qurulması, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində müvafiq işlər həyata keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, proqrama əsasən 172 və 190 saylı uşaq bağçalarının, 251 saylı orta məktəbin, 17 saylı uşaq poliklinikasının, 2 saylı Dəri-zöhrəvi dispanserin əsaslı təmiri və 45 nömrəli orta məktəbdə əlavə tədris korpusunun tikintisi başa çatdırılmışdır. 125 və 175 saylı uşaq bağçalarının yenidən qurulması, habelə 75 saylı uşaq bağçasında əlavə 6 qrup otağının tikintisi başa çatmaq üzrədir.
Dövlət Proqramına əsasən hazırda 12, 32, 238 və 272 saylı məktəblərdə, sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 saylı internat məktəbində, 103 saylı uşaq bağçasında əsaslı təmir işləri aparılır və 11 saylı Birləşmiş Şəhər Xəstəxanası üçün yeni bina inşa olunur.