İDMAN
Nizami rayonunda keçirilən cüdo yarışı başa çatıb
Bakı, 22 aprel, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Nizami Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatı və 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi (İOEUGİM) tərəfindən cüdo yarışı keçirilib.
Partiyanın Nizami rayon təşkilatından AZƏRTAC-a bildiriblər ki, yarışın açılış mərasimində Azərbaycanda idmanın digər növləri kimi, cüdonun da inkişafına dövlət qayğısından danışılıb. Qeyd olunub ki, Azərbaycan cüdoçuları ölkəmizi beynəlxalq yarışlarda yüksək səviyyədə təmsil edir, qələbələr qazanır, hətta Olimpiya Oyunlarında qızıl medala layiq görülürlər.
Tədbirdə ulu öndər Heydər Əliyevin Azərbaycanda Olimpiya hərəkatının ilhamçısı olduğu xüsusi vurğulanıb. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığı, paytaxtımızda mötəbər beynəlxalq idman yarışlarınin yüksək səviyyədə təşkil olunduğu diqqətə çatdırılır. Bildirilib ki, cüdonun iki ay sonra keçiriləcək birinci Avropa Oyunlarının proqramına salınması idmanın bu növünün populyarlığından xəbər verir.
Çıxışlardan sonra yarışa start verilib.
Birincilik uğrunda 2001-2003-cü il təvəllüdlü yüzdən artıq cüdoçu 10 çəki dərəcəsində mübarizə aparıb. Yarışın yekununda bütün çəki dərəcələri üzrə qalib gələn 40 idmançı mükafatlandırılıb.
Qaliblərə medallar və diplomlar təqdim edilib.
Birinci yerin qalibləri mayda keçiriləcək ümumrayon tədbirində təltif olunacaq.