CƏMİYYƏT


Nizami rayonunda narkomaniya əleyhinə tədbir keçirilib

Bakı, 10 aprel, AZƏRTAC

Azərbaycanın təhsil müəssisələrində polis əməkdaşlarının iştirakı ilə maarifləndirici tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, növbəti tədbir Nizami Rayon Polis İdarəsinin təşkilatçılığı ilə paytaxtdakı 12 saylı tam orta məktəbdə “Gənclər narkomaniyaya yox deyir” adı altında keçirilib.

Nizami Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Ədalət Abbasov belə maarifləndirici tədbirlərin gənclər arasında sağlam həyat tərzinin təbliği işini daha da yaxşılaşdırdığını diqqətə çatdırıb. Qeyd edib ki, narkomaniyanın qurbanlarına çevrilən gənclər bu yola məlumatsızlıqdan, iradələrinin zəifliyindən düşürlər. Əgər onlar gələcəkdə başlarına gələn müsibətlərdən xəbərdar olsalar, vaxtında özlərini qorumağı bacararlar.

İyirmi beşinci polis şöbəsinin rəis müavini, polis baş leytenantı Mətin Qulubəyli narkomaniyaya qarşı mübarizədə təkcə dövlətin deyil, bütövlükdə cəmiyyətin birgə fəaliyyətinə böyük ehtiyac olduğunu vurğulayıb. O, gənclərə bu yolda sağlam düşüncəyə malik olmalarını, çoxlu mütaliə etmələrini tövsiyə edib.

Nizami Rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin baş inspektoru, polis kapitanı Pərvanə Əzizova bildirib ki, narkomaniya ilə mübarizə hər bir vətəndaşın mənəvi borcudur. Gəncləri bu bəladan qorumaq, onlarda sağlam həyat tərzini formalaşdırmaq üçün hamı birgə mübarizə aparmalı, yeniyetmə və gənclər arasında maarifləndirmə işləri daim diqqət mərkəzində saxlanılmalıdır.

Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi Bəhmən Hüseynov, rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili, polis mayoru Fərid Tağıyev, həmin idarənin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin inspektoru, polis baş leytenantı Mehdi Seyidov, 40 saylı tam orta məktəbin psixoloqu Əsmər Talıbova və başqaları çıxış ediblər.

Gənclərə narkomaniyanın fəsadları haqqında ətraflı məlumat verilib, sağlam həyat tərzi keçirmələrinin əhəmiyyəti onlara hərtərəfli izah olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.