CƏMİYYƏT
Nizami rayonunda növbəti ağacəkmə aksiyası keçirilib
Bakı, 21 noyabr, AZƏRTAC
Nizami rayonu ərazisində ətraf mühitin, ekoloji vəziyyətin yaxşılaşdırılması və yaşıllıqların salınması istiqamətində həyata keçirilən silsilə tədbirlər davam etdirilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, noyabrın 21-də R.Rüstəmov və E.Süleymanov küçələrində rayonun idarə, müəssisə və təşkilatlarının, ictimai birliklərin, xidmət sahələrinin, eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə növbəti ağacəkmə aksiyası keçirilib.
Aksiya zamanı 380 ədəd Eldar şamı və 300 ədəd badam ağacı əkilib, onlara aqrotexniki qulluq göstərilib.
Qeyd edək ki, cari il ərzində rayon ərazisində 3750 ədəd həmişəyaşıl ağac və 2020 ədəd bəzək kolu əkilib, 17100 kvadratmetr sahəyə qazon döşənib.