CƏMİYYƏT
Nizami rayonunda silahlı şəxs saxlanılıb VİDEO
Bakı, 5 iyun, AZƏRTAC
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi paytaxtın Nizami rayonunda əməliyyat keçirib.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları paytaxt ərazisində növbəti əməliyyat keçiriblər. Əməliyyat zamanı Nizami rayonunda yaşayan, əvvəllər məhkum olunmuş Şahin Babayev qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb. Onun üstünə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd həmin tapançaya məxsus sandıqça və 8 ədəd patron aşkar edilərək götürülüb.
Qeyd olunan faktla bağlı Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Şahin Babayev barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.