CƏMİYYƏT
Nizami rayonunda tənha yaşayan 180 ahıl sakinə yardım paylanılıb
Bakı, 27 mart, AZƏRTAC
Karantin rejimi ilə əlaqədar olaraq Prezident İlham Əliyevin çağırışına əsasən, Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının könüllüləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial işçiləri ilə birlikdə tənha yaşayan ahıl vətəndaşlara yardım paylayıblar.
YAP Nizami rayon təşkilatından AZƏRTAC-a verilən məlumata görə, bir neçə gündür davam edən aksiya çərçivəsində Nizami rayonunda tənha yaşayan 180 ahıl sakinə yardım edilib. Ümumilikdə, bu qəbildən olan 320-dək rayon sakininə yardım paylanılması nəzərdə tutulub.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən martın 24-dən aprelin 20-dək ölkədə xüsusi karantin rejimi elan edildiyindən və bu tədbirlər çərçivəsində 65 yaşdan yuxarı şəxslərin evdən çıxması qadağan olunduğundan YAP-ın fəalları və könüllüləri bu qəbildən olan tənha yaşayan sakinlərə yardımlar edirlər.