CƏMİYYƏT


Nizami rayonunda yanğın təhlükəsizliyinin təmin olunmasında birgə fəaliyyətlə bağlı müşavirə keçirilib

Bakı, 20 noyabr, AZƏRTAC 

Nizami Rayon İcra Hakimiyyəti noyabrın 20-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi ilə birgə “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda rayon müşavirəsi keçirib.

AZƏRTAC xəbər verir ki, müşavirədə Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin, rayon icra hakimiyyətinin əməkdaşları, özünüidarəetmə orqanlarının nümayəndələri, müvafiq müəssisələrin rəhbərləri iştirak ediblər.

Müşavirədə çıxış edən rayon icra hakimiyyəti başçısının birinci müavini Qərib Məmmədov mövzunun təkcə qış mövsümündə deyil, ilboyu aktuallığını saxladığını bildirib. O, yanğından mühafizə istiqamətində qabaqlayıcı tədbirlərin görülməsinin, müvafiq maarifləndirmə işlərinin və aidiyyəti qurumların birgə fəaliyyətinin təşkilinin vacibliyini diqqətə çatdırıb.

Bakı Regional Mərkəzinin Nizami rayon fövqəladə hallar və mülki müdafiə şöbəsinin rəisi, mayor Cavid Quliyev “Bakı şəhərində 2017-2018-ci illərin müvafiq dövründə yanğın hadisələrinə dair statistik məlumatlar”, FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin yanğına qarşı təbliğat şöbəsinin nümayəndəsi Nizami Fərəcov ”Yaşayış massivlərində yanğının başvermə səbəbləri, potensial təhlükələr və onların aradan qaldırılma yolları” mövzularında məruzələrlə çıxış ediblər. Çıxışlarda yanğınların başvermə səbəbləri, onların yaratdığı təhlükələr barədə məlumat verilib, tövsiyələr diqqətə çatdırılıb.

Müşavirənin gedişində məişətdə yanğın təhlükəsizliyi, dəm qazı və odsöndürən balondan istifadə qaydaları ilə bağlı videoçarxlar nümayiş olunub.

Sonra “Rayonda enerji təchizatının mövcud vəziyyəti, problemlər və həlli yolları”, “Rayonda qaz təsərrüfatının mövcud vəziyyəti, problemlər və həlli yolları”, “Yaşayış binalarında yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı görülən işlər və mövcud problemlər”, “Yanğın zamanı ilkin tibbi yardım” mövzularında məruzələr dinlənilib.

Bakı Regional Mərkəzinin rəis müavini Kamil Bağırov yanğından mühafizə istiqamətində görülən profilaktik tədbirlərdən danışıb, müvafiq maarifləndirmə işlərinin təşkilinin və əhalinin yanğın təhlükəsizliyi qaydalarına riayət etməsinin vacibliyini vurğulayıb.

Tədbirdə səsləndirilən tövsiyələrin icrasının təmin edilməsi və gələcəkdə bədbəxt hadisələrin qarşısının alınması məqsədilə ciddi tədbirlərin görülməsi və nəzarətin gücləndirilməsi ilə bağlı tapşırıqlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.