CƏMİYYƏT
Nizami və Yasamal rayonlarında narkotiklərin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib VİDEO
Bakı, 12 sentyabr, AZƏRTAC
Son bir həftə ərzində “Keşlə”, “8-ci kilometr” qəsəbələri və digər ərazilərdə keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 15 nəfər Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, onlardan ümumilikdə 2 kiloqrama yaxın yüksək təsiredici xassəyə malik heroin, marixuana, tiryək və metamfetamin aşkar edilib. Saxlanılan şəxslər Nizami rayonu və paytaxtın digər ərazilərində narkotik maddələrin qanunsuz dövriyyəsini həyata keçirdiklərini bildiriblər.
Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları isə son 10 gün ərzində keçirilmiş əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 29 nəfəri tutublar. Aşkarlanan bütün faktlarla əlaqədar İdarənin istintaq şöbəsində araşdırmalar davam etdirilir.
Nizami və Yasamal rayonları ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşası istiqamətində əməliyyatlar davam etdirilir.