ELM VƏ TƏHSİL
Nizami yaradıcılığında konseptlər, obrazlar və dəyərlər təhlil edilib
Bakı, 14 mart, AZƏRTAC
Diasporla İş üzrə Dövlət Komitəsi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Azərbaycan Müqayisəli Ədəbiyyat Assosiasiyasının birgə təşkilatçılığı ilə martın 14-də Bakıda işə başlayan “Nizami mədəni irsinin müasir dövrdə interpretasiyası” beynəlxalq elmi konfransı çərçivəsində “Nizami yaradıcılığında konseptlər, obrazlar və dəyərlər: müasir dövrdən keçmişə baxış” mövzusunda bölmə iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, ABŞ-ın Arizona Universitetinin professoru Kamran Talattofun moderatorluğu ilə keçirilən iclasda Nizami Gəncəvi yaradıcılığında konseptlər, obrazlar və dəyərlər təhlil edilib, məruzələr dinlənilib.
“Nizami Gəncəvinin etika və sosial inanclarının mənbəyi” mövzusunda məruzə ilə çıxış edən Kamran Talattof bildirib ki, dahi şairin etikası dini nöqteyi-nəzərindən metafizik anlayışlardan kənar deyil. Qeyd edilib ki, şair konseptlərində əsasən alleqorlardan istifadə edib və bunu müqayisəli şəkildə həyata keçirdib. Onun alleqoriya üslubu təmsil üslubundadır və fərqlənir. Şairin alleqoriyalarında müqayisə və uyğunluqlar hamısı xəyali təsəvvür və anlayışlara söykənir.
İclasda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri, professor Tahirə Məmmədin “Nizami Gəncəvinin yaradıcılığında türk imici”, fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqublunun “Nizami Gəncəvi fəlsəfi irsində “Ədalət” nəzəriyyəsi və bunun müasir əxlaq fəlsəfəsi kontekstində təhlili”, Afaq Yusiflinin “Nizami ilk ədəbi əfsanələrin yaradıcısı kimi”, Təhminə Bədəlovanın “Nizami Gəncəvinin əsərlərində demokratik dövlət quruluşu prinsipləri” mövzularında məruzələri dinlənilib.
Sonra mövzu ətrafında müzakirələr aparılıb.