DÜNYA
“Nobel Oil” Rumıniyanın İaşi şəhərində ilk yanacaqdoldurma məntəqəsini açıb
Buxarest, 20 noyabr, AZƏRTAC
Rumıniyada fəaliyyət göstərən “Nobel Oil Downstream Romania” şirkəti İaşı şəhərində birinci yanacaqdoldurma məntəqəsini açıb. İlkin hesablamalara görə, bu məntəqədən gün ərzində 1200 avtomobil istifadə edəcək.
Açılış mərasimində yerli icra orqanlarının nümayəndələri, Ludviq Nobelin nəticəsi, “Nobel Oil Services UK Ltd” şirkətinin idarə heyətinin direktoru Qustaf Nobel iştirak edib. “Nobel Oil Downstream Romania” şirkətinin rəhbəri, Rumıniyada bir çox şirkətlərin “Downstream” seqmentində genişlənməsi üzrə ekspert Con Lonq yeni məntəqənin açılmasından məmnunluğunu bildirib. O deyib ki, “Nobel Oil Downstream Romania” şirkəti Rumıniyada sərmayələrini artırmaq niyyətindədir. Şirkət “Nobel Oil Services UK Ltd”nin Rumıniyada nümayəndəlidir, əsasən xam neft, təbii qaz və neft məhsullarının satışı ilə məşğuldur. Eyni zamanda, Xəzər dənizində qazma xidmətləri, mühəndislik və layihənin idarə olunması, saxlanılması, alınması və neftin çıxarılması üzrə aparıcı şirkətlərdən biridir.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest