İQTİSADİYYAT
“Nobel Oil Services” təchizatçıları üçün təlimatlandırıcı sessiyalar keçirir
Bakı, 22 noyabr, AZƏRTAC
“Nobel Oil Services” şirkəti təchizatçıları üçün təlimatlandırıcı sessiyalar keçirir.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, “Nobel Oil Services” şirkəti işgüzar tərəfdaşlarını komplayens və korporativ siyasətlərin tələblərinə uyğun davranışa təşviq edən səmərəli etika və komplayens proqramını həyata keçirir. Etika və komplayens tələblərinin tətbiq edilməsi strategiyasının bir hissəsi olaraq “Nobel Oil Services” işgüzar əməliyyatlarda şəffaflığın dəstəklənməsi məqsədilə şirkətlər qrupunun təchizatçıları üçün təlimatlandırıcı sessiyaların keçirilməsinə başlayıb. Şirkətin baş kommersiya direktoru Eldar Məmmədzadə etika və komplayens bölməsinin əhəmiyyətini, şirkətin əsas dəyərləri ruhunda strategiyasının qurulmasında rolunu xüsusi qeyd edib. Bildirib ki, bu dəyərləri əsas tutaraq “Nobel Oil Services” şirkəti üçüncü tərəf təchizatçıların şəffaf və səmərəli seçilməsini təmin edir.
Şirkətin komplayens üzrə səlahiyyətli nümayəndəsi Nərminə Qardaşxanova təqdimatında komplayens komitəsinin strukturu və iş mexanizmi barəsində məlumat verib. Komitə şirkətin korporativ siyasətlərinin və prosedurlarının Birləşmiş Krallığın, eləcə də Azərbaycanın qanunlarına və qaydalarına uyğunluğunu təmin edir. Birləşmiş Krallıqda qeydiyyatdan keçmiş şirkət olaraq “Nobel Oil Services” rüşvətxorluq və korrupsiya ilə mübarizə üzrə siyasətini və Davranış Kodeksini müvafiq qaydada tətbiq edib. Şirkət hər hansı şikayətlər yaranarsa təchizatçılar tərəfindən məlumatların verilməsinin təşviqi üçün “Narahatlığını bölüş” yardım xəttini səmərəli şəkildə idarə edir. “Nobel Oil Services” şirkətinin komplayens bölməsi tərəfindən bütün halların ədalətli və qərəzsiz baxılmasına zəmanət verilir.
“İşgüzar münasibətlər qurulmazdan öncə təchizatçının uyğunluğunun yoxlanılması məcburi prosesə çevrilib. Bu kimi görüşlərin təchizatçılarla müntəzəm keçirilməsi nəzərdə tutulur ki, bu da prosesin şəffaf aparılması və ən yaxşı təchizatçıların seçilməsini təmin edir”, - deyə N.Qardaşxanova bildirib. Qeyd edib ki, şirkətin fəaliyyətinə və reputasiyasına mənfi təsir edə bilən istənilən halları aşkar etmək və aradan qaldırmaq üçün yardım xətti ilə daxil olan bütün məlumatları hərtərəfli araşdırırıq.
Görüşün sonunda bir neçə praktiki misallar iştirakçılarla birlikdə müzakirə edilib.
Qeyd edək ki, “Nobel Oil Services (UK) Limited” Böyük Britaniyada qeydiyyatdan keçmiş neft-qaz sahəsində ixtisaslaşmış çoxşaxəli şirkətlər qrupudur. Şirkətin korporativ idarəetmə sistemi Böyük Britaniyanın qanunvericiliyinə və İdarəetmə Məcəlləsinə uyğun təşkil edilib. “Nobel Oil Services” şirkətinə daxil olan müəssisələr qazma, tikinti və layihələrin idarəedilməsi, eləcə də avadanlığa texniki xidmət, təchizat və layların neftverimliliyinin artırılması xidmətlərini göstərir.