ELM VƏ TƏHSİL


Nobel Sülh mükafatı laureatı Məhəmməd Yunus “Yeni çağırışlar”da

Bakı, 19 yanvar, AZƏRTAC 

Təhsil Nazirliyinin dəstəyi və “T-NETWORK” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə hazırlanan “Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti qonağı Nobel Sülh mükafatı laureatı, professor Məhəmməd Yunusdur.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüş “Yunus Centre”nin tərəfdaşlığı ilə yanvarın 26-sı saat 18:00-da nazirliyin rəsmi “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.

Məhəmməd Yunus və onun yaratdığı “Grameen Bank” milyonlarla insanı regiondakı münaqişələrin əsas səbəblərindən biri olan yoxsulluqdan xilas etdiyi üçün 2006-cı ildə Nobel Sülh mükafatına layiq görülüb. Bir vaxtlar yoxsul və maliyyə təhlükəsizliyi olmayan adamlara kreditin təklifi ağlasığmaz ideya kimi görünsə də, Məhəmməd Yunus bunu reallığa çevirib. Professorun mikrokredit ideyası yalnız Banqladeşdə deyil, dünyanın hər yerində milyonlarla adamı yoxsulluqdan qurtarıb. Bir çox tanınmış universitetlərdə çıxış üçün dəvət alan professor təhsil vasitəsi ilə yoxsulluğun aradan qalxacağını deyir və insanların dünyagörüşü, özünə inam, təşəbbüskarlıq bacarıqlarının inkişafı üçün çağırışlar edir, bir çox ölkədən olan insanın təhsil almasını dəstəkləyir.

50-dən çox şirkətin qurucusu olan Məhəmməd Yunus “Wharton” biznes məktəbinin “Son 25 ilin ən nüfuzlu biznes adamları”,“Fortune” jurnalının “Dövrümüzün 12 dahi sahibkarları” siyahısında yer alıb. “AsiaWeek” (Honk Konq) təşkilatı isə onu 20 dahi asiyalıdan biri seçib. Məhəmməd Yunus 2008-ci ildə Böyük Britaniyanın “Prospect” və ABŞ-ın “Foreign Policy” jurnalları tərəfindən keçirilmiş açıq onlayn səsverməyə əsasən “Top 100 intellektual şəxslər” siyahısında dünyanın ikinci ən intellektual adamı seçilib. Professor Məhəmməd Yunus 20 ölkədən olan universitetdə 55 fəxri dərəcəyə, həmçinin 26 ölkənin 112 mükafatı, 10 ölkənin dövlət mükafatına layiq görülüb. O, ABŞ Prezidentinin Azadlıq medalını və ABŞ Konqresinin qızıl medalını almış yeddi şəxsdən biridir. Məhəmməd Yunus, həmçinin Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) fəxri doktorudur. UNEC-də onun adını daşıyan Yunus Sosial Biznes Mərkəzi (YSBM) fəaliyyət göstərir.

Xatırladaq ki, “Yeni çağırışlar” “T-NETWORK”un koordinatoru Cəfər Mənsiminin təqdimatında ayda iki dəfə yayımlanır. Məqsəd yerli və xarici mütəxəssislərin iştirakı ilə təhsildə yeni çağırışları müzakirə etmək, davamlı öyrənmə və inkişaf prosesini dəstəkləmək, qlobal səviyyədə qabaqcıl təcrübələrlə tanış olmaqdır. Proqramın bundan öncəki qonağı dünyaca məşhur “Khan Academy”nin qurucusu Sal Xan olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.