ELM VƏ TƏHSİL
Nobel mükafatı laureatı UNEC-də tədqiqat mərkəzinə rəhbərlik edəcək
Bakı, 13 iyun, AZƏRTAC
İqtisadiyyat üzrə Nobel mükafatı laureatı, Harvard Universitetinin professoru Erik Maskin UNEC-də olub.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, Ümumdünya Gömrük Təşkilatının dəvəti ilə Bakıya gəlmiş Erik Maskin universitetin rektoru, professor Ədalət Muradovla görüşüb. Qonağa ali təhsil ocağı barədə ətraflı məlumat verilib. UNEC-in elmi tədqiqatyönümlü universitetə çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərdən söz açan rektor ali məktəbdə iqtisadiyyatın müxtəlif sahələrinin aktual problemlərini araşdıran 30-a yaxın elmi-tədqiqat mərkəzinin fəaliyyət göstərdiyini bildirib.
Nobel mükafatçısı universitetdə elmi-tədqiqat istiqamətində aparılan işləri yüksək qiymətləndirərək, bu sahədə universitetə yaxından dəstək göstərə biləcəyini vurğulayıb.
Görüşdə əməkdaşlıq istiqamətində müzakirələr aparılıb. UNEC-də Erik Maskinin rəhbərliyi ilə elmi tədqiqat-mərkəzinin yaradılması barədə razılıq əldə edilib. Eyni zamanda, birgə tədqiqatlar aparılması, konfransların təşkili və alimin UNEC-in ingilisdilli elmi jurnalının redaksiya heyətinə üzvlüyü barədə fikir mübadiləsi aparılıb.
Sonra Nobel mükafatçısı UNEC-in professor-müəllim heyəti ilə görüşüb. E.Maskin Nobel mükafatını qazanmasına səbəb olan mexanizm dizaynı nəzəriyyəsinin əsaslarından danışıb, təcrübələrini bölüşüb.
Görüşdə UNEC alimlərinin qloballaşmanın ölkə iqtisadiyyatına təsiri, biznes etikasının əhəmiyyəti, protektionizm siyasəti, iqtisadi inkişafın davamlılığının təmin edilməsində ölkələr üzərinə düşən əsas vəzifələr barədə sualları cavablandırılıb.