CƏMİYYƏT
Nohur balıqçılığı təsərrüfatlarının sahibləri ilə görüş keçirilib
Bakı, 21 fevral, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balıqçılıq üzrə mütəxəssisləri nohur balıqçılığı (akvakultura) təsərrüfatlarının sahibləri ilə növbəti görüşü Sabirabad və Ağcabədi rayonlarında keçiriblər.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Ağcabədi, Beyləqan, Füzuli və Bərdə rayonlarının nohur balıqçılığı təsərrüfatlarının sahibləri iştirak ediblər.
Nazirliyin balıqçılıq üzrə mütəxəssisləri tərəfindən sahibkarlara nohurlarda balıq yetişdirilməsinin inkişafı, daha yüksək məhsuldarlığın əldə edilməsi və keyfiyyətli yem təchizatı ilə bağlı tövsiyələr verilib, sahibkarların problemləri dinlənilib, onların həlli yolları müzakirə edilib.
Görüş zamanı sahibkarlar, həmçinin akvakultura təsərrüfatlarının qeydiyyata alınması proseduru ilə bağlı təlimatlandırılıb, onlara yarana biləcək sualların cavablandırılması üçün nazirliyin müvafiq qurumlarına müraciət etmələri bildirilib.
Respublikanın digər regionlarında da nohur balıqçılığı təsərrüfatlarının sahibləri ilə görüşlər davam edir.