CƏMİYYƏT
“Nokia” şirkəti yeni smartfonunu təqdim etməyə hazırlaşır
Bakı, 8 iyul, AZƏRTAC
Cari ay dünyada yeni "Nokia 3", "Nokia 5" və "Nokia 6" smartfonlarının satışına start veriləcək. İlin sonuna kimi hazırda "Nokia" brendinə məxsus smartfonların buraxılışı ilə məşğul olan "HMD Global" şirkəti bir neçə model, həmçinin "Nokia 9" smartfonunu təqdim etmək niyyətindədir. Sonuncu cihaz haqda internetdə kifayət qədər məlumat yayılıb, həmçinin cihazın real şəkilləri yerləşdirilib. Məlumata görə, növbəti təqdim ediləcək smartfon "Nokia 8" olacaq.
AZƏRTAC "4pda.ru” saytına istinadən xəbər verir ki, internetdə yayılmış şəkillərdən göründüyü kimi, "Nokia 8" smartfonu nazik çərçivəli və bükük displeylə təchiz ediləcək. Aparat qara, qızıl, göy və bənövşəyi daxil olmaqla, bir neçə rəngdə buraxılacaq.
Məlumata görə, yeni aparat 5,3 düymlük "QHD" təsvir ölçülü ekran, "Snapdragon 835" prosessoru, 4 və ya 6 giqabaytlıq əməli yaddaş və 64 giqabaytlıq daxili yaddaş qurğusu ilə təchiz ediləcək.