DÜNYA
Norveç Avropada təbii qazın qiymətinin artması fonunda hasilatı artırmağı vəd edib
Stokholm 22 sentyabr Rauf Əliyev AZƏRTAC
Norveç Avropada təbii qazın qiymətinin artması fonunda hasilatı artırmağı vəd edib.
AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, krallıq artıq Avropa ölkələrinə təbii qaz ixracının həcmini artırmağa razılıq verib.
Avropa İttifaqı ölkələrində qaz ehtiyatlarının azalması, Asiyada tələbatın kəskin artması, Rusiyadan qaz hasilatının azalması, bərpa olunan enerji istehsalının aşağı səviyyədə olması və nüvə elektrik stansiyalarının işində yaranan fasilələr səbəbi ilə Avropada yanvar ayından bu yana mavi yanacağa olan qiymətlər orta hesabla 3,5 dəfə artıb.
Təbii qazın qiymətinin kəskin artması səbəbindən, həm də gübrə zavodlarının bağlanması digər sahələrədə bir çox problemlərin yaranmasına səbəb olub. Həmçinin avropalı istehlakçılar yaxınlaşan qış aylarında isitmə xərclərinin artması ehtimalı ilə də üzləşib.
Bütün bunları nəzərə alaraq, Rusiyanın “Qazprom” şirkətindən sonra Avropanın ikinci ən böyük qaz hasilatçısı olan Norveçin “Equinor” şirkəti ölkənin “Troll” və “Oseberg” yataqlarından oktyabrın 1-dən başlayaraq illik təbii qaz ixracını 2 milyard kubmetr artırmaq niyyətində olduğunu elan edib. Ekspertlərin hesablamalarına görə, bu artım Norveçin boru kəməri ilə illik qaz ixracatının təxminən 2 faizinə bərabərdir.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm