Norveç “Bakı-2015”də ən az üç medal qazanmağı hədəfləyir
AzerTAg.az

Bakı, 4 mart, AZƏRTAC
Birinci Avropa Oyunlarına yüz gün qalıb və Norveç idmançıları Bakıdan evə azı üç medalla qayıdacaqlarına ümid edir. Məqsədimiz azı üç medal qazanmaq və bundan əlavə beş idman növündə ilk səkkiz komanda sırasına daxil olmaqdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Norveçin “Bakı-2015” üzrə nümayəndə heyətinin rəhbəri Tore Ovrebo bu ölkənin olimpiya komitəsinin “Olympiatoppen” saytına bildirib.
T.Ovrebo deyib ki, Norveçi idmanın güləş, karate, boks, velosiped, kamandan oxatma, triatlon və atıcılıq növləri üzrə təmsil edən idmançılar Avropa Oyunlarında fəxri kürsüyə çıxmaq üçün yaxşı imkanlara malikdirlər.
“Norveç komandasının heyəti istedad səviyyəsi, ambisiya və yaş baxımından müxtəlifliyi ilə seçilir. Norveç bəzi idman növlərində Bakıya medal qazanmaq potensialı olan aparıcı idmançılarla gedir. Digərləri isə təcrübə qazanmaq üçün gedirlər” - deyə T.Ovrebo bildirib.
T.Ovrebo diqqətə çatdırıb ki, bu yarış həmçinin ölkənin bəzi gənc idmançılarının inkişafına töhfə verəcək. Avropa Oyunları gənc idmançılar, xüsusən idmanın üzgüçülük növündəki yeniyetmələr üçün inkişaf arenası olacaq. Yeniyetmələr arasında ruh yüksəkliyini artırmağa çalışırıq. Avropa Oyunlarında yeniyetmələr qarşısında hədəflər qoyulmamalı, əsas məqsəd ruh yüksəkliyi, motivasiya və öyrənmək olmalıdır.
Xəbərin mətnində orfoqrafik səhv var