DÜNYA
Norveç-Çin münasibətləri altı il fasilədən sonra normallaşır
Stokholm, 20 dekabr, AZƏRTAC
Nobel sülh mükafatının Çindən olan dissidentə təqdim edilməsi ilə əlaqədar rəsmi Pekinin Oslo ilə əlaqələri dondurmasından altı il sonra Norveç və Çin hökumətləri diplomatik münasibətlərin bərpa olunduğunu elan ediblər.
Münasibətlərin normallaşması Norveçin xarici işlər naziri Börge Brendenin Pekinə səfərindən sonra məlum olub. Bu münasibətlə tərəflərin birgə bəyanatı açıqlanıb.
Bəyanatda deyilir: “Tərəflər ötən illər ərzində çoxsaylı gərgin müzakirələrdən sonra normal diplomatik münasibətlərin bərpası üçün zəruri olan etimad səviyyəsinə çatıblar”.
ÇXR-in xarici işlər naziri Van İ məsələyə belə aydınlıq gətirib: “Norveç münasibətlərin pisləşməsi səbəblərini çox ciddi təhlil etməklə və bu münasibətlərin bərpasına vicdanla yanaşmaqla, Çinin suverenliyinə və ərazi bütövlüyünə ehtiramla yanaşdığını təsdiq edib”.
Norveç KİV-lərinin yazdığına görə, Çin əlaqələrin bərpası üçün rəsmi üzrxahlıq tələb edib, amma Nobel Komitəsinin öz qərarını qəbul etməkdə azad və müstəqil orqan olduğunu israr edən Norveç hökuməti dəfələrlə bundan imtina edib.
Qeyd edək ki, münasibətlərin pisləşməsi nəticəsində Norveç iqtisadiyyatının əsas ixrac məhsullarından biri olan qızılbalıq istehsalına ziyan dəyib. Çin uzun illər Norveç balığının ən böyük idxalatçısı olub. Onun idxalına qadağa bu sahəyə ağır zərbə vurub. İki ölkə arasında münasibətlərin normallaşması elan ediləndən dərhal sonra Oslo Fond Birjasında qızılbalıq istehsalçılarının səhmləri bahalaşıb.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm