İQTİSADİYYAT
Norveç KİV-ləri: “Zenith Energy” şirkəti Azərbaycanda “C-37” quyusundan gözlənildiyindən daha yaxşı nəticələr əldə edib
Stokholm, 10 oktyabr, AZƏRTAC
Kanadanın “Zenith Energy” şirkəti Azərbaycandakı “C-37” quyusunda aparılan qazma işlərinin nəticələri barədə yenilənmiş məlumat yayıb.
AZƏRTAC Norveçin “finansavisen” qəzetinə istinadla xəbər verir ki, şirkətdə quyunun məhsuldarlığının gündəlik təqribən 285 barrel neft təşkil etdiyi qeyd olunub. Bu da Azərbaycanda şirkətin istehsal göstəricilərini əhəmiyyətli dərəcədə artıracaq.
“Zenith Energy”nin məlumatına görə, quyudan gələn illik qazanc maliyyə ekvivalentində 5,5 milyon dollar təşkil edəcək. Əgər şirkət gündəlik 285 barrel hasilat səviyyəsini saxlaya bilərsə, o zaman bu, “Zenith Energy” üçün sutkalıq hasilatın əhəmiyyətli dərəcədə artması deməkdir.
“Biz “C-37” quyusunda əldə edilən nailiyyətdən çox razıyıq. Hasilatın artması və bununla bağlı xalis pul daxilolmaları olduqca yaxşı xəbərlərdir və biz Azərbaycanda neft hasilatının əhəmiyyətli dərəcədə artması strategiyasını davam etdiririk. Mən görülən iş barədə investorlara təqdim olunacaq hesabatı gözləyirəm”, - deyə şirkətin baş direktoru Andrea Kattaneo bildirib.
Eyni zamanda, Azərbaycandan daxil olan müsbət xəbərlər əsasında Oslo fond birjasında “Zenith Energy” şirkətinin qiymətli kağızlarının dəyəri 47,75 faiz artaraq 0,49 krona çatıb.
Xatırladaq ki, daha əvvəl şirkət quruda yerləşən “Cəfərli” yatağındakı “Zenith Energy C-37” quyusundan gündə 100 barrelədək neft hasil edə bilməsi barədə məlumat yaymışdı.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm