CƏMİYYƏT
Norveçdə Azərbaycanın Vətən müharibəsindəki Zəfərindən bəhs olunub
Stokholm, 16 iyul, AZƏRTAC
Norveçin paytaxtı Osloda Türkiyənin Demokratiya və Milli Birlik Gününə həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, “Türkiyə geçilməz” şüarı ilə baş tutan tədbirdə bu ölkədə 15 iyul dövlət çevrilişi cəhdinin 5-ci ildönümü və onun son illər qət etdiyi inkişaf yolu barədə danışılıb.
Türkiyənin Norveçdəki səfiri Fazlı Çorman çıxışında həmin günlərdə həlak olan şəhidlərin xatirəsini ehtiramla yad edərək, Türkiyə dövlətçiliyinə və xalqına qarşı yönəlmiş bu xəyanətkar dövlət çevrilişi cəhdi barədə geniş məlumat verib. Bildirib ki, Türkiyə dövlətçiliyi və demokratiyasına qarşı atılmış bu addım böyük insan tələfatına və ziyana səbəb olub. Bütün bu çətinliklərə baxmayaraq, ötən dövr ərzində ölkənin inkişaf edərək bir çox sahələrdə nəzərəçarpan nailiyyətlərə imza atdığını bildirən diplomat Türkiyənin yeni dövrə nikbinliklə qədəm qoyduğunu bildirib.
Çıxışında Türkiyə-Azərbaycan əlaqələrinə xüsusi diqqət ayıran diplomat iki ölkə arasında yaxın qardaş və müttəfiqlik münasibətlərindən danışıb. Ölkəmizin Vətən müharibəsində qazandığı Qələbənin tarixi əhəmiyyətini vurğulayan səfir deyib: “Harada doğulmasından və yaşamasından asılı olmayaraq, türk milləti hər zaman bir ürək kimi demokratiyanı, dövlətini, bayrağını, xalqını qorumaq üçün canını fəda etməyə hazırdır”.
Tədbirdə müxtəlif videoçarxlar nümayiş olunub. Videoçarxlarda Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa Bəyannaməsinin imzalaması mərasimindən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşlərindən və digər məsələlərdən bəhs edilib. Həmçinin Azərbaycanın Qarabağdakı Zəfəri barədə geniş məlumat verilib.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm