DÜNYA


Norveçdə ərzaq məhsulları Avropada ən baha qiymətə satılır

Stokholm, 9 avqust, AZƏRTAC

Norveçdə ərzaq məhsulları Avropada ən baha qiymətə satılır.

AZƏRTAC Norveç KİV-lərinə istinadla xəbər verir ki, Avropa İttifaqının statistika xidməti – “Avrostat” tərəfindən aparılmış “Avropada alıcılıq qabiliyyətinin təhlili” adlı yeni tədqiqatda alınan nəticələr belədir. Araşdırma nəticəsində məlum olub ki, Norveçdə qida məhsullarının və alkoqolsuz içkilərin qiymətləri Avropada ən yüksək səviyyədədir. Bununla belə, digər Avropa ölkələrinin əksəriyyətinin sakinlərindən fərqli olaraq norveçlilərin ərzağa sərf etdiyi vəsait onların ümumi xərclərinin az bir hissəsini təşkil edir.

Tədqiqatçılar qeyd edirlər ki, Skandinaviya ölkələrinin hamısında ərzaq məhsulları Avropa üzrə orta qiymətdən bahadır. Lakin qida məhsullarının və alkoqolsuz içkilərin qiymət səviyyəsi Norveçdə Aİ üzrə orta qiymətdən 63 faiz yüksəkdir. Bu göstərici üzrə Norveçdən sonrakı yerləri İsveçrə və İslandiya tutur.

Bütövlükdə, Norveçdə qiymətlər İsveçdəkindən 40 faiz, Danimarkadakından 25 faiz, Finlandiyadakından 36 faiz, İslandiyadakından 10 faiz yüksəkdir. Lakin Norveçdə baha olan təkcə qida məhsulları deyil. Krallıqda tütünün qiyməti hər hansı başqa Avropa ölkəsindəki qiymətdən yüksəkdir. Bu göstərici üzrə sonrakı yerləri, müvafiq surətdə Böyük Britaniya, İrlandiya və İslandiya tutur.

Lakin Norveç hər bir kateqoriya üzrə ən bahalı ölkə deyil. Müəyyən kateqoriyalarda bu ölkə daha aşağı mövqedədir. Ən gözlənilməz sürpriz alkoqollu içkilər kateqoriyası olub: bu kateqoriyada reytinq cədvəlinin birinci sətrində İslandiya gedir.

Norveç Statistika İdarəsinin məlumatında vurğulanır ki, ölkədə qiymətlərin yüksək olmasına baxmayaraq, norveçlilərin ev təsərrüfatlarının ümumi xərclərində yemək və içki üçün çəkilən xərclərin faizi nisbətən aşağıdır. Keçən il norveçlilərin ümumi xərclərində bu mallara çəkilən xərclər 11 faiz olub. Avropanın digər ölkələri ilə müqayisədə bu, çox aşağı göstəricidir. Sorğu keçirilmiş 37 ölkə arasında bu xərclərin orta payı 18 faizdir. Yalnız 6 ölkədə bu göstəricinin qiyməti üzrə Norveçdən aşağı səviyyədədir.

Qeyd edək ki, “Avropada alıcılıq qabiliyyətinin təhlili” adlı statistik hesablamalar Avropanın 37 ölkəsində qida məhsulları, içkilər və tütünün qiymətləri səviyyəsinə əsasən aparılıb. Buraya Avropa İttifaqının üzvü olan 28 dövlətin hamısı, Avropa Azad Ticarət Assosiasiyasına daxil olan üç ölkə (İslandiya, Norveç və İsveçrə) aiddir. Araşdırmada Albaniya, Bosniya və Herseqovina, Monteneqro, Şimali Makedoniya, Serbiya və Türkiyə üzrə məlumatlardan da istifadə edilib.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.