DÜNYA
Norveçdə ilk dəfə olaraq ən yeni “F-35” qırıcı təyyarələrindən istifadə edilməklə hərbi təlimlər keçiriləcək
Stokholm, 17 iyun, AZƏRTAC
Bu həftə norveçli pilotlar amerikalı həmkarları ilə birlikdə ən yeni “F-35” qırıcı təyyarələrindən istifadə edilməklə hərbi təlimlər keçirəcəklər.
AZƏRTAC Norveç KİV-lərinə istinadla xəbər verir ki, bu tipli birgə hərbi təlimlər ilk dəfə keçirilir.
Norveç Hərbi Hava Qüvvələri (HHQ) mətbuat xidmətinin rəhbəri polkovnik Oyvind Qannerud deyib: “Bu cür inteqrasiya edilmiş təlim çox məqsədəuyğun, onun hər iki tərəfdaş ölkə üçün dividend potensialı isə çox yüksəkdir”.
Təlimlər çərçivəsində döyüş təyyarəsinə xidmət göstərən texniki heyətin əməkdaşlığı da təşkil ediləcək. Hərbi təlimlər NATO-nu dəstəkləməyə və “F-35” qırıcı təyyarəsi ilə bağlı proqramın hazırlanmasında iştirak edən ölkələr arasında münasibətlərin möhkəmlənməsinə yönəlib. ABŞ-a məxsus qırıcı təyyarələr Norveçə Finlandiyadan gələcək.
Qeyd edək ki, Norveç Hərbi Hava Qüvvələri indiyə qədər 12 ədəd “F-35” təyyarəsi alıb. Bu ilin payızında Norveç HHQ-nin sərəncamına daha üç təyyarə daxil olacaq. Norveç hökuməti 52-yə qədər “F-35” təyyarəsi almaq barədə qərar qəbul edib. Onlar Norveç HHQ-nin heyətində istifadəsi tədricən dayandırılan “F-16” təyyarələrini əvəz edəcək.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm