REGİONLAR
Norveçli diplomat: Naxçıvanın son illərdə əldə etdiyi nailiyyətlər məni çox təsirləndirdi
Naxçıvan, 14 noyabr, AZƏRTAC
Norveç Krallığının ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Olav Nils Thue Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində muxtar respublikanın təhsil, səhiyyə, istehsal, mədəniyyət müəssisələri və tarixi abidələri ilə tanış olub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, əvvəlcə qonaq ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstələri qoyub, Heydər Əliyev Muzeyini ziyarət edib.
Səfər çərçivəsində Olav Nils Thue Naxçıvan Biznes və Duzdağ Fizioterapiya mərkəzləri ilə tanış olub. Sonra Naxçıvan Dövlət Universitetinə gələn qonağa ali təhsil ocağı barədə ətraflı məlumat verilib, universitetlərarası gələcək tərəfdaşlıq imkanları müzakirə olunub. Naxçıvan Avtomobil Zavodunun, “Gəmiqaya Mineral Sular”, “Gəmiqaya Mebel Fabriki” və “Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli cəmiyyətlərinin istehsal prosesləri ilə tanışlıq qonaqda böyük təəssürat yaradıb.
Diplomat Naxçıvan Günəş Elektrik Stansiyasının fəaliyyəti ilə maraqlanıb, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksini ziyarət edib. Səfər müddətində Naxçıvan Dövlət Xalça Muzeyi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatun və Açıq Səma Altında Muzey Kompleksi və “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə tanış olan qonağa həmin mədəniyyət ocaqları barədə ətraflı məlumat verilib.
AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində səfər təəssüratları barədə danışan Norveç Krallığının ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili bildirib ki, Naxçıvanda olduğu iki gün ərzində yüksək səviyyəli görüşlər keçirib, qədim diyarın iqtisadi potensialı və tariximədəni abidələri ilə tanış olub, geniş məlumat əldə edib. O, Naxçıvana səfərinin çox səmərəli keçdiyini vurğulayıb.
Qonaq deyib: “Naxçıvanın güclü iqtisadi potensiala malik olması, burada son illərdə əldə edilən nailiyyətlər, sözün açığı, məni çox təsirləndirdi. Mən bu qədim diyardan çox xoş təəssüratlarla ayrılıram, göstərilən qonaqpərvərliyə və diqqətə görə minnətdarlığımı bildirirəm”.
Olav Nils Thue vurğulayıb ki, Naxçıvan haqqında daha zəngin məlumatlar əldə etmək məqsədilə buraya bir daha gəlmək arzusundadır.