ELM VƏ TƏHSİL


Norveçli yazıçı məktəblilərə Nizami Gəncəvinin əsərlərindən danışıb

Bakı, 7 oktyabr, AZƏRTAC

Norveçin paytaxtı Oslo şəhərində fəaliyyət göstərən Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbində dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə növbəti tədbir keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, həftəsonu məktəbinin müəllim, şagird və valideynlərinin iştirak etdiyi görüşə ölkəmizdən filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan dili dərsliklərinin müəllifi Xanım Qasımova, şair-pedaqoq Zaur Ustac, Yevlax rayon Nizami adına Malbinəsi kənd orta məktəbinin ibtidai sinif müəllimi İnarə Musayeva və şagirdləri, müxtəlif ölkələrdə yaşayan soydaşlarımız onlayn formada qatılıblar.

Tədbirin qonağı qüdrətli söz ustadının əsərlərinin araşdırmaçısı, “Leyli və Məcnun” əsərindəki aforizimlərdən uşaqlar üçün kitab hazırlamış norveçli yazıçı Raqnhil Thori olub.

Tədbiri giriş sözü ilə açan Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Norveç üzrə koordinatoru Ramil Alıyev şairin irsinin zənginliyindən və yeni nəslin təlim-tərbiyəsində Nizami dəyərlərinin tədrisinin vacibliyindən danışıb.

Azərbaycan xalqının misilsiz ədəbi xəzinə yaratmış Nizami Gəncəvi kimi parlaq şəxsiyyətə malik olmasını böyük xoşbəxtlik adlandıran Raqnhil Thori belə mükəmməl irsi araşdırmağa başladığı üçün çox məmnun olduğunu, bu məqsədlə il ərzində iki dəfə Azərbaycana səfər etdiyini söyləyib. Yazıçı dahi şairin yaradıcılığı ilə ilk tanışlığının Gəncə şəhərində olarkən ona hədiyyə edilən “Leyli və Məcnun” poemasından başladığını və bu əsərdən çox təsirləndiyini diqqətə çatdırıb. Əlavə edib ki, “Leyli və Məcnun” poeması məhəbbət və qadın azadlığı mövzusunda dünyada yazılan ən gözəl əsərlərdən biridir.

Tədbir iştirakçıları Nizami Gəncəvi yaradıcılığının Avropa oxucusuna belə mükəmməl formada təqdim edilməsini milli ədəbiyyatımıza dəyərli töhfə və ədəbi irsimizin dünyada tanıdılması üçün gözəl vasitə kimi qiymətləndiriblər. Görüş məktəblilərin ifasında Nizami yaradıcılığından nümunələrin səsləndirilməsi ilə yekunlaşıb.

Tədbirdən sonra Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbi ilə Norveç Azərbaycanlıları Koordinasiya Şurası dahi şairin əsərlərindən və aforizimlərindən ibarət kitabın Norveç dilində nəşr olunması barədə qərar qəbul edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.