DÜNYA
Norveçlilər pandemiyadan əvvəlki həyatlarına qayıdır
Stokholm, 25 sentyabr Rauf Əliyev, AZƏRTAC
Norveçlilər pandemiyadan əvvəlki həyatlarına qayıdır.
AZƏRTAC Norveç hökumətinin saytına istinadən xəbər verir ki, krallıqdakı koronavirus məhdudiyyətlərinin çoxu şənbə günü sentyabrın 25-də yerli vaxtla saat 16:00-da qaldırılacaq.
Bu barədə məlumatı, cümə günü Baş nazir Erna Sulberq, Osloda keçirdiyi mətbuat konfransında açıqlayıb. Onun sözlərinə görə, bundan sonra ölkə vətəndaşları pandemiyadan öncəki yaşam tərzinə dönə biləcək.
Hökumət başçısının fikrincə, bundan sonra peyvəndlər pandemiyanın əsas yükünü daşıyır. “Düşünmürəm ki, hər şey əvvəlki kimi olacaq. Koronavirus bundan sonra pis və ya yaxşı şəkildə həyatımıza təsir edəcək. Lakin baş verən hadisələrdən sonra, virus təhlükəsi qarşısında nə qədər çarəsiz olduğumuzu və birlikdə çalışdıqda nəyə nail ola biləcəyimizi öyrəndik”, - deyə Sulberq bildirib.
Ləğv edilən qaydalar arasında sosial məsafə, habelə böyük tədbir və toplantılara qatılanların sayına qoyulan məhdudiyyətlər də yer alır. Restoran, bar və klubların iş saatı, qonaqların yerləşdiyi yer və sayını tənzimləyən qaydalardan də imtina edilir. Pandemiya məhdudiyyətlərin əksəriyyəti ləğv edilsə də, COVID-19 yoluxduqda insanlar hələ də özünü təcrid etmək məcburiyyətində olacaqlar. Virusa yoluxmuş birisi ilə yaşayan peyvənd olunmayanlar da, karantində qalmaq məcburiyyətindədir.
Qeyd edək ki, Norveç hökuməti ola biləcək təhlükələrdən qorunmaq üçün bəzi səyahət məhdudiyyətlərini də hələlik qüvvədə saxlayır. Bu qaydalar hökumətin saytında yerləşdirilib.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm