ELM VƏ TƏHSİL
Növbəti 4 təhsil müəssisəsinə Məktəbin İnkişaf Planı təqdim edilib
Bakı, 16 may, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki növbəti 4 təhsil müəssisəsinə Təlimə Dəstək Mərkəzi (TDM) tərəfindən hazırlanmış Məktəbin İnkişaf Planı təqdim edilib.
Bu barədə AZƏRTAC-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, bununla bağlı keçirilən görüşdə BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, metodistlər, Məktəbin İnkişaf Planının hazırlanmasında iştirak edən paytaxtın 4 ümumi təhsil müəssisəsinin (101, 106, 191 və 259 nömrəli) rəhbərləri təmsil olunublar.
Əvvəlcə BŞTİ-nin müdiri Mehriban Vəliyeva şagirdlər və valideynlərlə görüşüb, onları maraqlandıran məsələlərə aydınlıq gətirib. TDM-in direktoru İlkin Həsənov ümumi təhsil məktəblərində metodiki işin təşkilinə dəstək vermək, yeni yanaşmaların məktəblərdə çevik tətbiqinin təmin olunması, məktəbdaxili və məktəblərarası öyrədici mühitin zənginləşdirilməsi, təlimin keyfiyyətinin artırılması və fənn metodbirləşmələrinin fəaliyyətinin düzgün istiqamətləndirilməsinə nail olmaq üçün müvafiq istiqamətlər üzrə metodiki yardım göstərməyin vacibliyini vurğulayıb.
Mehriban Vəliyeva Məktəbin İnkişaf Planının hazırlanmasını təhsil müəssisələrinin daha sistemli inkişafı baxımından yüksək dəyərləndirdiyini diqqətə çatdırıb. Bildirib ki, BŞTİ-nin Təlimə Dəstək Mərkəzi tərəfindən məktəblərdəki real vəziyyətlə tanış olmaq üçün dərs müşahidələrinin aparılması, təlim-tərbiyə prosesinin inkişafına yaxından dəstək göstərmək məqsədilə məktəb kollektivləri ilə müzakirələrin təşkil edilməsi təhsil müəssisələrinin fəaliyyətində aşkarlanmış çatışmazlıqların aradan qaldırılması baxımından mühüm rol oynayır.
Görüşdə Məktəbin İnkişaf Planı hazırlanmış 4 ümumi təhsil müəssisəsində bu istiqamətdə fəaliyyətlərin təşkili və izlənilməsi, prosesin vahid mexanizminin formalaşdırılması ilə bağlı atılacaq addımlar barədə müzakirələr aparılıb, məktəb rəhbərlərini maraqlandıran suallara aydınlıq gətirilib. Həmçinin müvafiq planının sxem və strukturuna dair təqdimat nümayiş olunub.
Qeyd edək ki, təhsil müəssisələrinə təqdim olunan Məktəbin İnkişaf Planının bir il müddətində icra olunması nəzərdə tutulub. Müvafiq planının həyata keçirilməsi prosesinin izlənilməsi məqsədilə məktəblərdə aylıq operativ monitorinqlər aparılacaq.