DÜNYA
Növbəti ABŞ-Cənubi Koreya hərbi hava təlimləri təxirə salınıb
Pekin, 17 noyabr, AZƏRTAC
ABŞ və Cənubi Koreyanın Müdafiə nazirlikləri Şimali Koreya ilə aparılan diplomatik danışıqları dəstəkləmək üçün növbəti birgə hərbi hava təlimlərini təxirə salmağı qərara alıblar.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, Tailandın paytaxtı Banqkokda təşkil edilən ASEAN ölkələrinin Müdafiə nazirlərinin sammiti çərçivəsində iki ölkənin Müdafiə nazirləri Mark Esper və Con Qyon-doo birgə mətbuat konfransında belə açıqlama veriblər.
“Biz diplomatik mühitə və sülhü gücləndirməyə töhfə vermək üçün belə bir xoşniyyətli qərar qəbul etdik”, - deyən Mark Esper Şimali Koreyanı bu addıma eynilə cavab verməyə, heç bir ilkin şərt və tərəddüd olmadan nüvə silahsızlaşdırılması ilə bağlı danışıqlar masasına geri dönməyə çağırıb.
Qeyd edək ki, ABŞ və Cənubi Koreya noyabrın sonlarında “Vigilant Ace” adlı hərbi təlimlərin qısaldılmış variantını keçirməyi planlaşdırmışdı. Koreya Xalq Demokratik Respublikası (KXDR) bu təlimlərə qarşı sərt mövqeyini bildirib.
Bu, KXDR ilə diplomatik danışıqları dəstəkləmək üçün Vaşinqton və Seulun təxirə saldığı ilk hərbi təlimlər deyil. Bundan əvvəl bir neçə dəfə planlı hərbi təlimlər eyni niyyətlə təxirə salınmışdı.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin