İDMAN


Növbəti Formula 1 yarışı üçün yerli media nümayəndələrinin akkreditasiyasına start verilib

Bakı, 10 yanvar, AZƏRTAC

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) aprelin 26-28-də dördüncü dəfə keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisinə yerli media nümayəndələrinin akkreditasiyasına start verib.

BŞH-dən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Qran-Prisi də daxil olmaqla bütövlükdə 2019-cu il Formula 1 dünya çempionatında yer alan hər bir yarış üçün media nümayəndələrinin akkreditasiyası Beynəlxalq Avtomobil Federasiyası (FIA) və “Formula One Management” (FOM) şirkəti tərəfindən kurasiya olunur.

Yerli media nümayəndələrinin yarışa qeydiyyatı əməliyyat şirkətinin vasitəçiliyi ilə həyata keçirilir. Akkreditasiya prosesi fevralın 28-dək davam edəcək. Qeydiyyatdan keçmək istəyən jurnalistlər BŞH-nin rəsmi veb-səhifəsinə daxil olaraq müvafiq formanı doldurmalı və tələb olunan sənədləri sistemə yüklədikdən sonra onlayn qaydada müraciət etməlidirlər. Natamam və ya vaxtından gec göndərilmiş müraciət formaları nəzərə alınmayacaq.

BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri, milli mətbuat katibi Nigar Arpadarai yerli media nümayəndələrini qeydiyyatdan keçməyə çağıraraq deyib: “Formula 1 yarışlarında iştirak edən media nümayəndələri müəyyən rəsmi standartlara və kriteriyalara əməl etməlidirlər. Yalnız həmin göstəricilərə tam cavab verən jurnalistlər FIA və FOM-un təsdiqi ilə yarışa buraxılış vəsiqəsi əldə edəcəklər. Fürsətdən istifadə edərək yarışı işıqlandırmaq istəyən bütün jurnalistləri bu kriteriyalarla yaxından tanış olmağa və Formula 1 Azərbaycan Qran-Prisinə gecikmədən qeydiyyatdan keçməyə çağırırıq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.