ELM VƏ TƏHSİL
Növbəti GRE imtahanı keçiriləcək
Bakı, 10 sentyabr, AZƏRTAC
Təhsildə Qiymətləndirmə Xidmətinin (Educational Testing Service - ETS) kompüter əsaslı növbəti “GRE: General Test” imtahanı 2021-ci il sentyabrın 12-də Dövlət İmtahan Mərkəzinin Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında təşkil olunacaq.
Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. İmtahanda iştirak edəcək şəxslər saat 09:15-dən gec olmayaraq aşağıda qeyd edilən sənədlərlə birlikdə imtahan binasında olmalıdırlar:
-Şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu;
-İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə (imtahan iştirakçısı müvafiq bəyannaməni çap edərək imzalanmış halda gətirilməlidir).
İmtahan saat 10:00-da başlanır.
COVID-19 virusu ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunacaq.
İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses boyu (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) istifadə olunmalıdır.
“GRE General Test” imtahanı haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən tanış olmaq mümkündür.