ELM VƏ TƏHSİL
Növbəti diaqnostik qiymətləndirmə Kürdəmirdə keçiriləcək
Bakı, 5 dekabr, AZƏRTAC
Dekabrın 8-dən 10-dək Kürdəmirdə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Kürdəmir Olimpiya İdman Kompleksində təşkil olunan imtahanlarda bu rayonla yanaşı, Ağsu, Ucar, Ağcabədi və Zərdab rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlər imtahan verəcəklər.
İmtahanlarda yeddi mindən çox müəllim iştirak edəcək.
Ötən il İmişli və Saatlı rayonları üzrə diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak edə bilməyən və ya işə yeni qəbul olunan müəllimlər bu imtahanlara qatılacaqlar. Həmçinin Şuşanın Mingəçevir şəhərindəki ümumi təhsil müəssisələrinin müəllimləri Kürdəmirdə keçiriləcək diaqnostik qiymətləndirməyə cəlb olunacaqlar.