İQTİSADİYYAT


Növbəti hərracda 23 dövlət əmlakı özəlləşdirilib

Bakı, 20 sentyabr, AZƏRTAC

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması məqsədilə sentyabrın 19-da növbəti hərrac keçirilib.

Komitədən AZƏRTAC-a bildirilib ki, hərracda özəlləşdirilən əmlaklardan 4-ü kiçik dövlət müəssisəsi, 18-i istifadəsiz qeyri-yaşayış sahəsi, 1-i isə yarımtikilidir. Bakı şəhəri üzrə 1 kiçik dövlət müəssisəsi və 12 istifadəsiz qeyri-yaşayış sahəsi, respublikanın digər şəhər və rayonları üzrə 3 kiçik dövlət müəssisəsi, 6 istifadəsiz qeyri-yaşayış sahəsi, 1 yarımtikili özəlləşdirilib. Özəlləşdirilən kiçik dövlət müəssisələri müvafiq olaraq Bakının Xətai rayonunda, regionlardan isə Gəncə, Sumqayıt şəhərlərində və Kürdəmir rayonunda yerləşir.

ƏMDK özəlləşdirmə prosesində maksimum operativliyi təmin etmək və böyük investor kütləsini bu prosesə cəlb etmək üçün mühüm işlərə imza atır. İstənilən şəxs hərracda həm iştirakçı qismində qatıla, həm də ziyarətçi olaraq canlı izləyə bilər. Hərraclarda şəffaflığı artırmaq məqsədilə ictimai nəzarət və səmərəlilik prinsipləri təmin olunur.

Budəfəki hərrac da rəqabətli şəkildə keçib. Belə ki, paytaxtın Nəsimi rayonunda yerləşən ümumi faydalı sahəsi 115 kvadratmetrə yaxın olan qeyri-yaşayış sahəsinin ilkin start qiyməti 55 min manat olsa da, bu obyekt 93 min manata özəlləşdirilib. Hərracda özəlləşdirilən istifadəsiz qeyri-yaşayış sahələri arasında ən yüksək satış qiyməti də elə bu əmlakda qeydə alınıb. Hərracda ən yüksək qiymətə özəlləşdirilən kiçik dövlət müəssisəsi isə Sumqayıt şəhərində yerləşən 133 saylı yanacaqdoldurma məntəqəsi olub. Həmin əmlakın ümumi faydalı sahəsi 24,5 kvadratmetr, torpaq sahəsi isə 1000 kvadratmetrə yaxındır.

Hərracda xidmət sahəsində əlverişli olan kiçik dövlət müəssisəsi də özəlləşdirilib. Gəncə şəhərində yerləşən 27 saylı yanacaqdoldurma məntəqəsi bu kateqoriyaya aid olmaqla investorlar üçün yaxşı gəlir mənbəyidir. Həmin əmlakın ümumi faydalı sahəsi 50 kvadratmetrə yaxın torpaq sahəsi isə 1000 kvadratmetrdən çoxdur.

Paytaxtla yanaşı, regionlarda da özəlləşdirilən kiçik dövlət müəssisəsi orta və kiçik sahibkarlığın inkişafına imkan verə biləcək əmlaklardır. Paytaxtın Xətai rayonunda yerləşən 400 saylı mağaza, Kürdəmirdə olan Yardımçı təsərrüfat bu kateqoriyaya aid olmaqla sahibləri üçün gələcəkdə yaxşı qazanc gətirə bilər.

Hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahəsi ilə birgə özəlləşdirilib. Bu əmlaklar, hərracda cəlbediciliyini yüksəltməklə daha çox investor marağını artırır.

Qeyd edək ki, hərracda özəlləşdirilən qeyri-yaşayış sahələrinin 12-si paytaxtda, 6-sı isə regionda yerləşir. Paytaxtda özəlləşdirilən qeyri-yaşayış obyektinin 4-ü Suraxanıda, 2-si Sabunçuda, qalanları isə müvafiq olaraq Nəsimi, Nizami, Nərimanov, Binəqədi, Qaradağ, Səbail rayonlarında yerləşir. Bölgədə özəlləşdirilən qeyri-yaşayış sahəsi Sumqayıt, Şirvan şəhərlərində, Lənkəran, Samux, Quba, Xaçmaz rayonlarında yerləşir. Özəlləşdirilən əmlakların sahəsi 10 kvadratmetr ilə 200 kvadratmetr arasında dəyişir.

Daha az investisiya tələb edən əmlaklar da hərracda özəlləşdirilib. Bunlardan biri Bakının Binəqədi rayonunda yerləşən sahəsi 10 kvadratmetr olan qeyri-yaşayış sahəsidir.

Hərracda bir yarımtikili də özəlləşdirilib. Bu sahəsi 500 kvadratmetr olan Gədəbəydə yerləşən Məişət evinin yarımçıq tikilisidir.

Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün

http://www.emdk.gov.az/index.php/az/m%C3%BCsabiq%C9%99-v%C9%99-h%C9%99rraclar/n%C9%99tic%C9%99l%C9%99r linkindən istifadə etmək kifayətdir.

Hərracların keçirilmə üsullarının sadələşdirilməsi, prosesə daha optimal yanaşmaların tətbiqi, prosedurların sadələşdirilməsi, şəffaflığın təmin olunması investorlarda marağın artmasına şərait yaradıb.

Hərracda iştirak üçün komitənin elektron xidməti (www.e-emdk.gov.az) üzərindən sifariş vermək və əmlakın hərracdakı satış qiymətinin 10 faiz məbləğində behi bank vasitəsilə ödəmək kifayətdir. Hərraca çıxarılmış hər bir səhmdar cəmiyyət, müəssisə və obyektlər, eləcə də nəqliyyat vasitələrinin mövcud vəziyyətini göstərən foto və mətn məlumatları Özəlləşdirilmə portalında (privatization.az) əks olunur. Hərraclar barədə həftəlik elanlar isə həm “Mülkiyyət” qəzetində dərc olunur, həm də komitənin rəsmi saytında və Özəlləşdirilmə portalında yerləşdirilir.

Qeyd edək ki, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac sentyabrın 26-da keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.