İQTİSADİYYAT
Növbəti hərracda dövlət müəssisələri və qeyri-yaşayış sahələri özəlləşdirilib
Bakı, 21 avqust, AZƏRTAC
Növbəti hərracda kiçik dövlət müəssisələri və qeyri-yaşayış sahələri özəlləşdirilib.
Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) AZƏRTAC-a bildirilib ki, avqustun 21-də ƏMDK tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi sahəsində növbəti hərrac keçirilib. Elektron hərrac sistemi vasitəsilə hər kəs evdən, ofisdən, internetin olduğu bütün məkanlardan özəlləşdirmə prosesinə qoşula bilir. Məkan və zaman məfhumu olmadan reallaşan hərraclarda elektron sifarişlərin verilməsi, prosesdə onlayn iştirak vətəndaş məmnunluğunu təmin edir. Hərraclarda yaradılan belə şərait nəticəsində investorlar əlçatan və rahat mühitdə seçdikləri əmlaklara sahib olurlar. Özəlləşdirilən müəssisələrin fəaliyyətinin bərpası və ya yenidən qurulması isə özəl sektorun inkişafına, ölkədə yeni iş yerlərinin yaranmasına şərait yaradır.
Ağcabədi rayonu, M.P.Vaqif küçəsində yerləşən mağazanın ümumi faydalı sahəsi 68 kvadratmetrdir. Belə ki, 702 kvadratmetrlik torpaq sahəsi ilə birgə özəlləşdirilən bu dövlət əmlakı üçün investor 3 min 750 manat ödəyib. “Aydınlıq” kinoteatrı da daha bir sifarişçini əmlak sahibi edib. Gədəbəy şəhəri M.Quliyev küçəsindəki bu obyektin ümumi faydalı sahəsi 290 kvadratmetr, satış qiyməti isə 7 min 500 manatdır.
Özəlləşdirilmiş qeyri-yaşayış sahələri paytaxtın Yasamal, Xətai və Nəsimi rayonlarında, digərləri isə Xızı və Sumqayıtda yerləşir. Ümumi faydalı sahəsi 547 kvadratmetr olan qeyri-yaşayış sahəsi Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşir. Əmlakın özəlləşdirilməsi sahibinə bu qeyri-yaşayış sahəsindən ofis və ya xidmət obyekti kimi istifadə imkanı verəcək.
Budəfəki hərracın iştirakçılarından 4-ü buraxılış tarixləri 2007 və 2008 olan “Qaz” və “Fiat” markalı avtomobillərə sahib olub. Həmin nəqliyyat vasitələri üçün ödənilmiş satış qiymətləri 1700 manat ilə 3700 manat intervalındadır.
Komitə tərəfindən növbəti hərrac avqustun 28-də keçiriləcək. Avqustun son hərracına ümumilikdə 91 dövlət əmlakı çıxarılıb. Onlardan 21-i səhmdar cəmiyyət, 34-ü kiçik dövlət müəssisə və obyekti, 33-ü qeyri-yaşayış sahəsi, 3-ü isə nəqliyyat vasitəsidir. Hərraca çıxarılan əmlaklar barədə məlumatlar Özəlləşdirmə portalında (http://privatization.az) və komitənin rəsmi saytında (http://emdk.gov.az) yerləşdirilir və mütəmadi olaraq yenilənir. Hərraca qatılmaq istəyən şəxslər portal üzərindən əmlakı seçib sifariş edə bilər.