REGİONLAR
Növbəti ictimai dinləmə Cəlilabadda keçirilib
Cəlilabad, 14 iyul, Bağır Əliyev, AZƏRTAC
İyulun 14-də “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası, təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi, həmçinin qarşıda duran vəzifələrlə bağlı Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində ictimai dinləmə keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin, məhkəmə, polis, prokurorluq orqanlarının, dairə seçki komissiyası və bələdiyyələrin, ərazi nümayəndəliklərinin, yerli qeyri-hökumət təşkilatlarının, ictimaiyyətin və KİV-lərin nümayəndələri iştirak edib.
Əvvəlcə rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov və Ombudsman Elmira Süleymanova ümummilli lider Heydər Əliyevin Cəlilabad şəhərinin mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.
Tədbirdə çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov insan hüquqlarının təmin edilməsinin dövlətin ali məqsədlərindən biri olduğunu qeyd edərək, bu sahədə rayonda görülən işlərdən söz açıb.
İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının icra vəziyyəti və qarşıda duran vəzifələrdən danışıb, bu istiqamətdə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.
Müzakirələrdə rayon ağsaqqallar şurasının sədri Əliheydər Əsədov, şəhər sakini Ədalət Əsgərov, Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini Dürdanə Əliyeva və başqaları çıxış edərək, rayonda insan hüquqların müdafiəsi sahəsində görülmüş işlərdən, qarşıda duran vəzifələrdən danışıb, mövzu ilə bağlı təkliflərini bildiriblər.