CƏMİYYƏT
Növbəti sağlamlıq forumu Binəqədidə keçirilib
Bakı, 18 may, AZƏRTAC
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) növbəti sağlamlıq forumu keçirib.
Səhiyyə Nazirliyinin Fəaliyyət Planına əsasən “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya” çərçivəsində keçirilən forumda Binəqədi rayonunda yerləşən məktəblərin müəllim-şagird heyəti iştirak edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edənlər sağlamlıq forumlarının məqsəd və vəzifələrini diqqətə çatdırıblar, ölkəmizdə gənclərin sağlam inkişafı naminə görülən davamlı işlərdən danışıblar. Respublika QİÇS-lə Mübarizə Mərkəzinin mütəxəssisləri hər kəsi vaxtında xəstəliklərin profilaktikası məqsədilə məlumatlı olmağa və sağlam həyat tərzi seçməyə çağırıblar. Tütünün dünyada yayılmasının tarixinə xronoloji nəzər yetirilib, tütün tüstüsünün insan orqanizminə ciddi təsirindən, aktiv və passiv tütünçəkmə nəticəsində yaranan xəstəliklərdən bəhs edilib. Eyni zamanda, tədbirdə erkən nikahların və məişət zorakılığının qarşısının alınması məsələlərinə də toxunulub.
Sonda mövzular üzrə videoçarxlar izlənilib, İSİM tərəfindən hazırlanmış maarifləndirmə materialları paylanılıb.