İQTİSADİYYAT
“Əsrin müqaviləsi” Azərbaycanın neft sənayesi tarixində misilsiz bir hadisədir
Bakı, 21 sentyabr, AZƏRTAC
20 sentyabr - neft-qaz sənayesi işçilərinin peşə bayramı münasibətilə Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı "Abşeronneft" NQÇİ ərazi ilk partiya təşkilatında "Əsrin müqaviləsi Azərbaycanın neft sənayesi tarixində misilsiz bir hadisədir" adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan "Abşeronneft" NQÇİ-nin rəisi, YAP Pirallahı rayon təşkilatı İdarə Heyətinin üzvü Şahmar Hüseynov bu əlamətdar günün tarixindən danışıb.
Deyib ki, bu bayramı Azərbaycan neftçisinə ulu öndər Heydər Əliyev bəxş edib, bu gün hər il təntənə ilə qeyd edilir. 1994-cü il sentyabrın 20-də Xəzərin Azərbaycan bölməsindəki "Azəri-Çıraq-Günəşli" yataqlarının xarici şirkətlərlə birlikdə tammiqyaslı işlənməsi müqaviləsinin imzalanması Ümummilli Liderin gərgin mübarizəsi və sonsuz qətiyyəti sayəsində mümkün olub. Məhz həmin günün neftçilərin bayramı kimi qeyd etməsinin özü də qanunauyğun bir haldır. Çünki "Əsrin müqaviləsi" Azərbaycanın neft sənayesi tarixində misilsiz bir hadisədir. Bu, neftimizin və neftçilərimizin çatdığı zirvə, qazandığı qələbə idi. Ən başlıcası, Ulu Öndərin uzaqgörən siyasətinin daha bir nəticəsi, Azərbaycanın dövlət müstəqilliyinin bəhrəsi idi.
Daha sonra tədbirdə çıxış edən “Abşeronneft” NQÇİ ərazi ilk partiya təşkilatının sədri Şamil Kazımov, təqaüdçü neftçilər Mahmud Əhmədli və Şəhriyar Kazımov çıxış edərək bildirdilər ki, Azərbaycanın neft sənayesinin inkişafının bir sıra mühüm mərhələləri ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Hələ 1969-cu ildən, respublikaya rəhbərlik etdiyi ilk dövrlərdən Ulu Öndər bu sahəyə xüsusi diqqət və qayğı göstərmişdir. Nəticədə Azərbaycanın neft infrastrukturu yeniləşdirilmiş, təzə yataqların axtarış-kəşfiyyat işlərinin bünövrəsi qoyulmuş, neft emalı sənayesinin bazası ən müasir texnologiyalarla zənginləşdirilmişdir. Çıxışların sonunda bir qrup şəxs YAP Pirallahı rayon təşkilatının, “Abşeronneft” NQÇİ İdarə Rəhbərliyi və Həmkarlar Komitəsinin fəxri fərmanları ilə təltif olunub.