ELM VƏ TƏHSİL
Növbəti təhsil seminarları paytaxtın üç rayonu üzrə keçirilib
Bakı, 16 oktyabr, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Məktəb seminarları”nın növbəti sessiyaları Səbail, Xəzər və Pirallahı rayonlarının ümumi təhsil məktəbləri üzrə keçirilib.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, məktəb direktorları üçün keçirilən sessiyada bu qurumun müdiri Məhəbbət Vəliyeva ümumi təhsil müəssisələrində keyfiyyətə nəzarət mexanizminin təkmilləşdirilməsindən, məktəblərdə sağlam və yaradıcı mühitin təmini üçün sistemli işin aparılmasından, məktəblərdə Fəaliyyət Planı üzrə işin təşkilindən, səmərəli idarəetmənin rolunun artırılmasından və digər məsələlərdən danışıb.
Sessiyada BŞTİ-nin sektor müdirləri Lamiyə Şərəfxanova, İlhamə Abdullayeva, Bəşarət Məmmədov, Şahin İsgəndərov və Anar Qədiməliyev tədrisin təşkili, məktəb mühiti, şagird nailiyyətlərinin qiymətləndirilməsi, istedadlı şagirdlərlə iş, karyera inkişafı, eksternat imtahanları, təhsil müəssisələrinin uğurlarının təbliği, ictimaiyyətlə əlaqə işinin səmərəliliyinin artırılması, məktəb saytlarının təkmilləşdirilməsi, məktəbdənkənar fəaliyyətin düzgün planlaşdırılması və digər müvafiq mövzularda çıxış ediblər.
Qruplar şəklində ayrı-ayrılıqda təşkil olunan sessiyalarda məktəbdaxili metodik işə nəzarət, tədris prosesinin düzgün və səmərəli qurulmasında müəllimin rolu, dərsə davamiyyətin tənzimlənməsi, şagirdlərin yerdəyişməsi, təmayülləşmənin tətbiqinin genişləndirilməsində valideynlərin maarifləndirilməsi məsələləri müzakirə edilib.
Sessiyalarda qeyd olunan məsələlərlə bağlı təklif və tövsiyələr səsləndirilib. Müvafiq məsələlər ətrafında müzakirələr aparılıb.
Sessiyaların oktyabrın 20-də yekunlaşdırılması nəzərdə tutulur.