MƏDƏNİYYƏT
Növbəti virtual tur Astara rayonunadır
Bakı, 25 iyun, AZƏRTAC
Sosial izolyasiya müddətində virtual rejimdə işləyən Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Vətənimizə virtual səyahət” adlı layihəyə başlayıb. Layihə çərçivəsində kitabxananın oxucuları Azərbaycanın bir çox rayon və şəhərləri ilə virtual tanış olurlar. Hər bölgəyə həsr olunmuş videoçarxda həmin yerin ərazisi, əhalisi, flora və faunası, görkəmli şəxsiyyətləri haqqında məlumat verilir.
İdarədən AZƏRTAC-a bildirilib ki, kitabxananın hazırladığı növbəti videoçarx Astara rayonu haqqındadır.
Videoçarxda rayonda bir şəhər, iki qəsəbə, 87 kənd olduğu qeyd edilib. Ardınca Astaranın ərazisi, əhalisi, Bakı şəhəri ilə məsafəsinin 313 km olduğu haqqında məlumat verilir.
Rayondakı Astara, Pensər, Təngərüd çayları, Pensər kəndindəki Osman, Ərçivan qəsəbəsində Yanar bulağın, İsti suyun, Talış dağlarının fotoları videoçarxda bir-birini əvəz edir.
Videoçarxı izlədikcə Astara meşələrində dəmirağac, şabalıdyarpaq palıd, şümşad ağacı, ipək akasiya, palıd, vələs, fıstıq, qoz, qızılgöz cökə ağaclarının bitdiyini öyrənirik.
Rayonun təbiətində bəbir, vaşaq, ayı, meşə pişiyi, oxlu kirpi, daşlıq dələsi, çaqqal, tülkü, çöl donuzu, canavar, porsuq, qırqovul, vağ quşu, qaz, kəklik, cüyür, göyərçin, çöl toyuğu və çöl ördəyinə rast gəlmək mümkündür.
Astara çay, çəltik, limon, naringi, portağal, kinkan, kivi və feyxoası ilə də məşhurdur.
Videoçarxdan məlum olur ki, rayonda tarixi abidələr çoxdur. Ərçivan qəsəbəsindəki hamam, Minarə qalıqları, Şahağac kəndindəki Türbə, Maşxan kəndində Əhməd Kərim və Mövlanə Seyid Kərim türbələri, Toradidə Baba Rəsul türbəsi kimi yerlərin şəkilləri də verilib.
Videoçarxda Astara rayonunda olan ziyarətgahlar, müasir tikililər yer alıb. Rayonun görkəmli şəxsiyyətlərinin adları da siyahı verilib.
Rayonda tarixən ağacoyma, həsir toxuma, misgərlik, qurama, şəbəkə sənəti, təndir kəsmə sənətləri inkişaf edib.
Virtual turu “Facebook”da “Kitabsevər uşaqlar” səhifəsində və kitabxananın “YouTube” kanalında izləmək olar.